Əsas Səhifə > Cəmiyyət > Deputat səhiyyə sahəsini, “göndəriş” məsələsini tənqid etdi

Deputat səhiyyə sahəsini, “göndəriş” məsələsini tənqid etdi


17-03-2023, 14:32


“Vətəndaşların dərman təminatına əlçatanalığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var”.

Şəffaflıq.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci il fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. 

Deputat qeyd edib ki, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olması doğru deyil. 

“Hazırda şəxs müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər. Bu da vətəndaşın tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulmasıdır. Bununla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır”, - deyə o əlavə edib. 

Musa Quliyev qeyd edib ki, həmin sahədəki mövcud vəziyyət inhisarçılığa və digər neqativ hallara da yol açır. 

“Klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır. Digər bir narahatlıq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasınını təklif edirəm”, - deyə komitə sədri bildirib.

Aqşin Kərimov


Geri qayıt