Ölkə sərhədini pozmağa cəhd göstərən dörd nəfər saxlanılıb, eyni zamanda, külli miqdarda narkotik ələ keçirilib.
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən dörd nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Mart ayının 10-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında, mart ayının 11-də saat 05:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440 ədəd “Metadon M-40”, 754 ədəd “Preqabalin”, 50 ədəd “Qababrel” psixotrop həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq götürülüb.
Mart ayının 10-da saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən iki nəfər Azərbaycan vətəndaşı, 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu saxlanılıb.
Mart ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər sərhəd pozucusu, Qvineya Respublikasının vətəndaşı Camara Musa və Liberiya Respublikası vətəndaşı Vhyee Sami Saye saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.