Əsas Səhifə > Cəmiyyət > Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? - FOTO

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? - FOTO


1-03-2023, 18:51


Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur.

Şəffaflıq.az xəbər verir ki, vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.

Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son illər Bakıda inşa olunan pilot layihələrdə vətəndaşlara əksər hallarda kompensasiya ödənişləri həyata keçirilmir:

“Daha çox əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Yəni kimin ki həmin ərazidə evi var, orada bina tikilirsə, həmin şəxsin mövcud əmlakına uyğun 20 faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir. Hesab edirəm ki, bu, doğru yanaşmadır.

Lakin istisna hallar olur və bəzi şəxslər razılaşmır, pulu götürməyə üstünlük verirlər. Bu məsələdə tikinti şirkətlərinə hansısa rəqəm təqdim olunmur ki, sakinlərə mütləq 1 500 manatdan yuxarı kompensasiya verilməsin. İnvestorla mülkiyyətçi arasında razılaşdırılmalı olan rəqəmlər var. Əgər bir ərazidə mənzil-tikinti kooperativi 1 kvadratmetr təmirsiz mənzili 2 500 manata satırsa, onun vətəndaşa 1 500 manat/1 kv.m təklif etməsi absurddur. Bu, mülkiyyət hüquqlarına müdaxilə və onun pozulmasıdır.

Digər tərəfdən, vətəndaşlar da ədalətli davranmalıdırlar. Bəzən vətəndaşlar olur ki, evlərinin kvadratmetrinə görə 5 min manat istəyirlər. Rayonlara görə bölgü məsələsinə gəldikdə isə deyə bilərəm ki, qiymətləndirmə fərdi qaydada həyata keçirilməlidir. Əgər bir tikinti şirkəti hər hansı ərazidə evi tikirsə və onun kvadratmetrini iki min manata bazara çıxarırsa, onun üzərinə təmir xərci də əlavə edilib bazar qiyməti müəyyən olunmalıdır.

Bir məsələni deyim ki, kompensasiya məbləği Prezidentin fərmanı ilə tənzimlənir. Bunun əmlakın alqı-satqısına heç bir təsiri olmur. Alan tərəflə mülkiyyətçi arasında razılaşdırılan rəqəm nədirsə, onun 20 faizi həcmində kompensasiya həyata keçirilməlidir. Tutaq ki, tərəflər arasında əmlakın dəyəri 100 min razılaşdırılıbsa, onun 20 faizi həcmində kompensasiya ödənişi həyata keçirilməlidir”.


Geri qayıt