Əsas Səhifə > XARİCİ XƏBƏR > Qurban Yetirmişli: “Türkiyədə uzun müddət afterşokların davam etməsini müşahidə edəcəyik”
Qurban Yetirmişli: “Türkiyədə uzun müddət afterşokların davam etməsini müşahidə edəcəyik”27-02-2023, 17:38 |
Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələdən sonra 10 282 afterşok qeydə alınıb, bundan əlavə, zəlzələlər də baş verir. Eyni zamanda, müxtəlif ölkələrdə də son vaxtlarda zəlzələlər qeydə alınır. Dünyada yeraltı təkanların artmasının səbəbi ilə bağlı APA-ya açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, aktivlik müşahidə olunması təbiidir: “Yeraltı təkanlarda artım olduğunu deməzdim, müəyyən periodda güclü zəlzələlərdən sonra litosferdə aktivlik müşahidə olunması isə təbiidir. Güclü zəlzələlərdən sonra yeraltı təkanlarda aktivliyin müşahidə edilməsi istisna hal hesab edilmir. Plitələrin hərəkəti, baş verən güclü zəlzələlərdən sonra plitələr arasında olan dərin qırılmalarda enerji paylanması zəlzələ ocaqlarında oyanmanı bir qədər tezləşdirir. Türkiyədə minlərlə afterşokun qeydə alınması da bunun nəticəsidir. Afterşokların uzun müddət davam etməsini müşahidə edəcəyik. Çünki baş vermiş güclü zəlzələ litosferdəki layların hamısında aktivlik əmələ gətirib”. Qurban Yetirmişli qeyd edib ki, güclü zəlzələdən sonra enerji paylanması ocaqlardakı gərginliyi tezləşdirir: “Təhlükəli zona adlandırılan Şərqi Anadolu plitəsində olan qırılma böyük ərazini əhatə edir və onun ətrafında tektonik qırılmalar var ki, güclü zəlzələ onlarda da canlanma əmələ gətirib. Enerji ayrılmaları davam edir və bu da ocaqlarda zəlzələ olmasını tezləşdirir”. Mərkəzin baş direktoru deyib ki, Anadolu qırılması Azərbaycandan keçmədiyinə görə bunun bizdəki aktiv tektonik qırılmalarla əlaqəsi yoxdur: “Geoloji quruluş cəhətdən region tamamilə başqadır. Azərbaycanın öz seysmotektonikasında zəlzələ ocaqları çoxdur. Bu günlərdə də yeraltı təkanlar oldu, amma hiss edilmir. Yaxın günlər üçün Azərbaycanda dağıdıcı zəlzələlərin olma ehtimalı yoxdur”. Şəffaflıq.az Geri qayıt |