Əsas Səhifə > XARİCİ XƏBƏR > AZAL sərnişinlər üçün əlçatanlığı təmin etmək məqsədilə tədbirlər həyata keçirir

AZAL sərnişinlər üçün əlçatanlığı təmin etmək məqsədilə tədbirlər həyata keçirir


23-02-2023, 18:34


“Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Əksər aviaşirkətlər kimi, AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur”.

Bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib. O, aviaşirkətin qiymət siyasətinə də toxunub və görülən işlərdən danışıb.

Onun sözlərinə görə, təkcə 2022-ci ildə yanacağın qiyməti beynəlxalq birjalarda dörd dəfəyə yaxın bahalaşıb.

“Bütün bunlara baxmayaraq, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur”, - deyə Samir Rzayev bildirib.

S.Rzayev qeyd edib ki, AZAL xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır. Həmçinin, aviaşirkət tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərə daha sərfəli qiymətlərlə daimi istiqamətlərdə səyahət etmək imkanı yaradılır. Bundan başqa, aviaşirkətin qəbul etdiyi Strateji İnkişaf Planı da sərnişinlərin rahatlığının və səmərəliliyinin təmin olunmasına hesablanıb.

Şəffaflıq.az 


Geri qayıt