Əsas Səhifə > İdman > Azərbaycan qılıncoynadanı medalın bir addımlığında uduzub
Azərbaycan qılıncoynadanı medalın bir addımlığında uduzub21-02-2023, 23:41 |
Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Estoniyanın paytaxtı Tallində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medalın bir addımlığında uduzub. Şəffaflıq.az məlumatına görə, qız sablyaçıların şəxsi yarışında mübarizə aparan idmançı qrup mərhələsini 4 qələbə ilə başa vurub. İlk görüşdə yerli Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələn Hüseynova ən güclü “32-liy”ə yüksəlib. Ardınca isveçli Emma Ohman (15:8) və rumıniyalı Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran sablyaçı 1/4 finala vəsiqə qazanıb. O, yarımfinala gedən yolda Rumıniya təmsilçisi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzaraq, medalsız qalıb. Beləliklə, 2 il öncə Misirin paytaxtı Qahirədə keçirilmiş yeniyetmə və gənclərin dünya çempionatında bürünc medal qazanan Hüseynova Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, bunu bacarmayıb. Azərbaycanın digər sablyaçılarından Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Bu raundda fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn idmançı 1/16 finala adlayıb. Lakin o, növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benkiuya uduzub - 10:15. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola 13:15 hesabı ilə məğlub olub. Valentina Zeynalova isə qrupdan çıxa bilməyib. Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə Azərbaycan təmsilçisi çıxışını qrup mərhələsindəcə başa vurub. Geri qayıt |