Əsas Səhifə > Dünya > Ana dilimiz və Heydər Əliyev

Ana dilimiz və Heydər Əliyev


21-02-2023, 18:52

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

                                                                           Heydər Əliyev

  Əsrlərdir xalqımıza, o taylı-bu taylı Azərbaycanımıza xidmət edən dilimiz qədim tarixə malik olan, min illərin növbənöv burulğanlarından üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın  yaşadan milli varlıqdır. 

1956-cı il Konstitusiyasında isə “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, maddəsi yazılmışdı. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər   Əliyevin adıyla bağlıdır.  Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu, cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı, bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona  yaxın azərbaycanlının haqqını özünə qaytarmaq, ədaləti bərpa etmək, milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hörmət, əməllərinə sədaqət əlamətidir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü idi.

Heydər Əliyev sənət adamlarının, yazıçı və şairlərin böyük dostu idi.

 60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması, Xəlil Rza Ulutürkə, Məmməd Araza, digər Azərbaycan yazıçılarına, qayğı göstərməsi, neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını, fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.

Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi. Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilmiş III qurultayında: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir”, – deyirdi böyük öndər Heydər Əliyev.

Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar o cümlədən, Azərbaycan dili Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı ilə

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanında deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:

1. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.”

Bu gün Azərbaycan dilinin tarixi, bu günü, sabahı ilə bağlı dəyərli tədqiqatların aparılmasına ehtiyac daha böyükdür. Dünyada gedən qloballaşma prosesləri müstəvisində Azərbaycan dilinin nüfuzunu, layiq olduğu yeri təmin etmək üçün dilimizin bütün incəliklərini nəzərə almaqla öyrənmək, öyrətmək, təbliğ və tədqiq etmək lazımdır. Bu mənada yeni Azərbaycan dili dərsliklərinin, Azərbaycan dilində yeni dərs vəsaitlərinin, metodik göstərişlərin yazılması olduqca aktualdır. Bu gün Azərbaycan dilini yalnız azərbaycanlılar deyil, dünyanın başqa xalqları da öyrənir. Təsadüfi deyildir ki, yaponlar, fransızlar, amerikalılar və digər xalqlar Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Azərbaycan dili Amerika Birləşmiş Ştatlarının universitetlərində (Çikaqo, Los-Ancelos, Vaşinqton, San-Fransisko, Harvard, Nyu-York) tədris olunur. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər  Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ümummilli liderimiz  Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.

Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz  Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Vahabzadə Səma Bəxtiyar 

ADU-nun III kurs tələbəsi, gənc könüllü


Aynur Şükürlü

Şəffaflıq.az 

 

 

 


Geri qayıt