Əsas Səhifə > SİYASƏT > Macarıstan Türk Şurasına üzv olacaq

Macarıstan Türk Şurasına üzv olacaq


7-10-2019, 23:23

 

Macarıstan Türk Şurasının üzvü olacaq.

Şəffaflıq.az “Kursiv.kz”a istinadən xəbər verir ki, bu barədə Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı bildirib.

Qeyd edək ki, forumda Türk Şurasının üzv və müşahidəçi ölkələrindən 500-dən artıq sahibkar iştirak edib.

2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdi.

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən Türk Şurası türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. İlkin mərhələdə üzvlüyünə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasının daxil olduğu bu beynəlxalq təşkilatın yaradılmasına dair saziş ötən ay Özbəkistan tərəfindən də ratifikasiya olunub. Oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitində Özbəkistan tam üzvlük haqqı ilə iştirak edəcək.
Geri qayıt