Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər
Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər18-02-2023, 23:28 |
Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Bu ərazi Bolqarıstana bərabər, Danimarka və Niderlandın ərazilərindən isə üç dəfədən çox böyükdür. Təbii ki, bu qədər böyük bir ərazini əhatə edən dağıntıların iqtisadiyyata təsiri də böyük olacaq. "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlər təkcə Türkiyənin deyil, dünyanın da gündəmini dəyişib. Beynəlxalq aləm hər gün zəlzələ bölgəsindən daxil olan xəbərləri həyəcanla izləməklə yanaşı, nəticələrin aradan qaldırılması üçün əlindən gələn yardım və dəstəyi göstərir. Seysmoloqların onilliyin ən dağıdıcı zəlzələsi kimi qeyd etdikləri fəlakət tək Türkiyənin deyil, türk və müsəlman dünyasının tarixinə də qara hərflərlə yazılacaq. Zəlzələnin təsiri o qədər böyük olub ki, yeraltı təkanlar Misir, Livan, Suriya, İraq və İrana qədər uzanan geniş məsafədə hiss edilib. Təbii fəlakət Livanda evlərə ziyan vurub, İraq və İranda evlər silkələnib, Misirdə insanlar özlərini evlərindən çölə atıblar. Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Müqayisə üçün bildirək ki, bu ərazi Bolqarıstana bərabər, Danimarkadan və Niderlanddan isə üç dəfədən çox böyükdür. Zəlzələdən zərər çəkən əhali sayı 13 milyon 500 min nəfəri keçib. Bu əhali Bolqarıstan, Tunis, Belçika, İordaniya, Çexiya, İsveç, Yunanıstan, Portuqaliyanın əhalisindən çoxdur. Zəlzələnin episentri də çox üzdə - 7 kilometr dərinlikdə olub. Müqayisə üçün 2011-ci ildə Yaponiya zəlzələsinin episentrinin 30 km, 1960-cı ildə Çili zəlzələsinin episentrinin 33 km, 1952-ci ildə Rusiyadakı Kamçatka zəlzələsinin episentrinin isə 21,6 km dərinlikdə olduğunu qeyd edək. Zəlzələnin yaratdığı enerji 132 atom bombasına yaratdığı təsirə bərabər olub. Yuxarıdakı rəqəmlərdən və müqayisələrdən də göründüyü kimi, qardaş ölkə misli görünməmiş fəlakətlə üz-üzə qalıb. Zəlzələnin ilk anından bölgəyə göndərilən axtarış-xilasetmə qruplarının sayına gəldikdə, bu rəqəm 31 mindən çox olub. Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayı da 8 mini ötüb. Bunlardan başqa, yerli təhlükəsizlik və yerli dəstək qruplarına təyin edilmiş personalla birlikdə sahədə çalışanların sayı 166 mini keçib. Yunanıstan və Fransanın dostluq jesti Zəlzələ Türkiyəyə dostunu və düşmənini də bir daha tanıtdı. Qonşu Yunanıstanın atdığı addımlar qardaş ölkədə xüsusilə təqdir olunur. Qeyd edək ki, Yunanıstanla Türkiyə arasında siyasi münasibətlər normal deyil. Yunanıstanın neytral adaları silahlandırması Türkiyənin kəskin etirazına səbəb olub. Buna baxmayaraq, Yunanıstan hökuməti Türkiyəyə Azərbaycandan sonra ilk yardım göndərənlərdən oldu. Hətta yunan mediası zəlzələ ilə bağlı “Hamımız türkük” alt yazısı olan foto da paylaşıb. Fransanın ilk gündən göndərdiyi yardımlar da diqqətdən qaçmır. Beləliklə, zəlzələ siyasi qarşıdurmaları müvəqqəti olaraq arxa plana keçirib, insanları xilas etmək hamının əsas amalına çevrilib. Ürək istər ki, yardımlaşma və humanitar dəstək siyasi münasibətlərdəki gərginliyi aradan qaldırsın. Ancaq bunun üçün Afina və Paris siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə olarsa, Ankaranın cavabı özünü gecikdirməyəcək. Büdcə gəlirlərinin 10,4 milyard dollar azalacağı proqnozlaşdırılır Lakin Qərbdə hesab edirlər ki, zəlzələnin bölgəyə iqtisadi təsiri böyük olacaq. Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox iqtisadi itkilərə səbəb ola biləcəyini bildirir. Agentlik açıqlayır ki, mövcud vəziyyətdə iqtisadi itkiləri təxmin etmək çətindir, lakin onun 2 milyard dolları keçəcəyi, 4 milyard dollara çatacağı ehtimalı böyükdür. “Bloomberg” isə zəlzələlərin Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10 faizi həcmində ziyan vurduğunu yazıb. Onların yanaşmasına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də Türkiyə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq. Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda ölkənin xarici borcunun ÜDM-ə nisbəti 34 faizdir. Beynəlxalq ekspertlər bu rəqəmin ilin sonunda 43 faizə yüksələcəyini gözləyir. Ekspertlərin fikrincə, zəlzələnin iqtisadiyyata təsirinin tam aradan qaldırılması illər çəkəcək. Şəffaflıq.az Geri qayıt |