Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib

Azərbaycan Rus İcması Türkiyəyə humanitar yardım göndərib


16-02-2023, 16:52


Türkiyədə dağıdıcı zəlzələ nəticəsində zərərçəkmişlərə Azərbaycan Rus İcması adından humanitar yardım göndərilməsi ilə əlaqədar, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, icma sədrinin müavini Anastasiya Lavrina, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və icmanın başqa nümayəndələri tədbirdə iştirak ediblər.

Yardım qismində ilkin zərurət əşyaları – isti geyim, dərmanlar, yorğanlar, ərzaq toplanıb. Humanitar yardımla dolu yük maşını yardım toplama məntəqəsinə göndərilib.

Qeyd edək ki, təbii fəlakətin ilk günündən Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə lazımlı kömək göndərilir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.


Şəffaflıq.az





Geri qayıt