Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyada kənd təsərrüfatı məhsulları bahalaşıb - Azərbaycandan ixrac artacaq?
Rusiyada kənd təsərrüfatı məhsulları bahalaşıb - Azərbaycandan ixrac artacaq?16-02-2023, 16:06 |
Rusiyada bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən xiyar və pomidorun on dəfəyə qədər bahalaşması müzakirələrə səbəb olub. Bahalaşmanın əsas səbəbi kimi fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ və onun fəsadları, bəzi mənbələrdə isə ötən il məhsuldarlığın aşağı səviyyədə olması göstərilir. Rusiyanın bu məhsulların idxalını həyata keçirdiyi əsas tərəfdaşlarından biri də Azərbaycandır. Bəs maraqlıdır, Rusiya bazarlarında kənd təsərrüfatı məhsullarına tələbat artarsa, Azərbaycandan bu ölkəyə ixracın artımı da genişlənəcək? Azərbaycanlı sahibkarlar Rusiya bazarının əlavə tələbatını qarşılaya bilərmi? Bununla əlaqədar danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, kənd təsərrüfatı, ümumilikdə qida məhsullarının bahalaşması dünyada gedən proseslərlə əlaqədardır. Komitə sədrinin fikrincə, müharibələr, pandemiya və xəstəliklər, təbii fəlakətlər bahalaşma ilə bərabər qıtlığa da gətirib çıxarır: “Türkiyə ən böyük istehsalçı və istehlakçı ölkələrdən biridir. Ona görə, qardaş ölkədə zəlzələnin fəsadları kənd təsərrüfatında da ciddi hiss edilir. Türkiyədən Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının azalması təbiidir və bu bahalaşmaya səbəb olub. Dünyanın bütün ölkələrində bahalaşma prosesi gedir və müxtəlif səbəbləri var. Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının miqdarında isə ildən-ilə artım mövcuddur. Ötən il kənd təsərrüfatı məhsullarının ixrac həcmi 877 milyon manatdan 1 milyard manata qədər yüksəlmişdi. Bu, kifayət qədər yüksək rəqəmlərdir. Əgər Rusiyada bahalaşma mövcuddursa, bu əvvəla sahibkarlara gəlir gətirir. Amma Rusiyanın tələbatı da artır və ixracatda çətinliklər yaranır. Azərbaycan sahibkarları bu tələbatın qarşılanmasında, ixracın artırılmasında maraqlı olmalıdırlar. İstixanalara təkcə fərdi şəxslər deyil, hüquqi şəxslər, iri sahibkarlar da nəzarət edirlər. Ona görə, bu sahibkarlar tələbatın artdığını nəzərə almalı, daha çox, daha keyfiyyətli və daha tez olmaqla məhsul ixracını həyata keçirməli, yüksək gəlir əldə etməyə çalışmalıdırlar”. Tahir Rzayev vurğulayıb ki, istehsalın artırılması üçün yeni texnologiyaların tətbiqi vacibdir: “Kənd təsərrüfatı elə bir sahədir ki, insanların özündən asılı olmaqla bərabər, təbiət hadisələri, iqlim dəyişikliklərinin də təsirinə məruz qalır. Əgər ani iqlim dəyişikliyi, quraqlıq, Türkiyədəki kimi təbii fəlakətlər baş verərsə, bu, istehsala birbaşa təsir edəcək. Şirin su problemi bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da özünü göstərir. Məhsulların vaxtında suvarılmasında ciddi problemlər yaranır. Bütün bunları nəzərə alaraq, müasir texnologiyalardan istifadəni genişləndirməliyik. Yeniliklərə açıq olsaq, istehsalın artırılması, keyfiyyətin yüksəldilməsi, eləcə də suya və digər vasitələrə qənaət etməklə, məhsuldarlığın yaxşılaşdırılması mümkündür”. Aysel Aslan Şəffaflıq.az Geri qayıt |