Əsas Səhifə > Cəmiyyət > Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb

Elan saytlarında vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb


16-02-2023, 12:28


Elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.  

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. 

Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4 250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub. 

Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Bir daha vətəndaşlara elan saytlarında tanımadıqları şəxslərə onlayn ödəniş etməmələrini tövsiyə edirik.

Şəffaflıq.az


Geri qayıt