Əsas Səhifə > REGİON > Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri


6-10-2019, 23:07

 

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İslam Konfransı Təşkilatına) üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İKT nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır. 1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilmişdir.

Dönüş nöqtəsi və əlaqələrin inkişaf perspektivləri

1994-cü ilin may ayından mərhum prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır. Dövlət başçısı Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Prezideent Heydər Əliyevin İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusunun mütəmadi salınmasına nail olunmuşdur. Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: “Azərbaycana iqtisadi yardım” (İKT XİN XXII konfransı - 1994-cü il- Kasablanka və İKT VII Zirvə konfransı - 1994-cü il Kasablanka) və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” (İKT XİN XXVI konfransı - 1999-cü il Uaqaduquda və İKT IX Zirvə konfransı - 2000-ci il Doha) adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilmişdir.

Siyasi qətnamələr və beynəlxalq səviyyədə Azərbaycana dəstək

Gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilmişdir. Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilməsi, bu problemə dair Baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ”da keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilmişdir. Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.

Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin 19 iyun 2006–cı il tarixli sərəncamına əsasən, İKT-nin sabiq Baş katibi cənab E.İhsanoğlu Azərbaycan və İKT arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, həmçinin 2000-ci ildə AMEA-nın fəxri doktoru adına layiq görülmüşdür.

İƏT və Azərbaycan arasındakı əlaqələrin inkişaf tempi

2006-cı ilin 28 fevral - 1 mart AR Təhsil Nazirliyi tərəfindən “İslam və gənclik, təhsil, elm və maarifləndirmə” adlı elmi praktiki konfrans təşkil edilmişdir.

2006-cı ilin 19-21 iyun tarixlərində “Hüquqlar, azadlıqlar və ədalətin harmoniyası” şüarı altında Bakıda İKT Xarici İşlər Nazirləri (XİN) Şurasının 33-cü sessiyası keçirilmişdir. Konfransın sonunda İKT-nin müvafiq qətnamələri ilə yanaşı, Bakı Bəyannaməsi və Yekun Kommunike qəbul edilmişdir.

2006-cı ilin 11-12 sentyabr tarixlərində Bakıda İKT-yə üzv dövlətlərin Turizm Nazirlərinin V Konfransı keçirilmişdir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir.

2007-ci ilin 26-28 aprel tarixlərində Bakıda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbir İKT XİN Şurasının 33-cü sessiyasında qəbul olunan qərar əsasında, AR XİN-in təşəbbüsü və Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə təşkil olunmuşdur. Konfrans İKT üzv dövlətlərinin mətbuat institutlarının Qərb həmkarları ilə birlikdə tolerantlıq, qarşılıqlı anlaşma və hörmət prinsiplərini inkişaf etdirmək üçün əməli tədbirlər hazırlamaq, islamofobiyanın bütün formalarının aradan qaldırması məqsədilə keçirilmişdir.

2007-ci ilin 21-22 iyun tarixlərində Bakıda “İKT üzv dövlətlərinin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi praktiki konfrans keçirilmişdir. Konfransda İKT üzv ölkələrinin turizm nazirləri və digər rəsmi nümayəndələri iştirak etmişlər.

2007-ci ilin 28 oktyabr – 2 noyabr tarixlərində “Heydər Əliyev Fondu”, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq təşəbbüs çərçivəsində Bakı şəhərində “Alyans” gənclik düşərgəsi və yüksək səviyyəli konfrans keçirilmişdir.

İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş XI Zirvə Konfransı, həmçinin, həmin ilin 18-20 iyun tarixlərində Uqandada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası bir daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, hər iki tədbirin nəticələrinə həsr olunmuş sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmiş. Həmçinin qeyd etmək lazımdır ki, XI Zirvə konfransında qəbul edilmiş İKT-nin yeni nizamnaməsinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etməkdədir.

2008-ci ilin 10-11 iyun tarixlərində “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum təşkil olunmuşdur.

2008-ci ilin 6-8 oktyabr tarixlərində Bakıda İslam ölkələrinin ali təhsil və elmi tədqiqatlar nazirlərinin IV konfransı keçirilmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İKT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul edilmişdir.

23-25 may 2009-cu il tarixlərində xarici işlər naziri E.Məmmədyarov İKT XİN Şurasının “İslam həmrəyliyini inkişaf etdirmək naminə” şüarı altında Suriyanın paytaxtı Dəməşq şəhərində keçirilmiş 36-cı sessiyasında iştirak etmiş və təşkil olunmuş mərasimdə Azərbaycan Respublikası adından İKT-nin yeni Nizamnaməsini imzalamışdır.

İKT XİN Şurasının 36-cı sessiyasında, məqsədyönlü səylərimiz nəticəsində, “Ermənistanın Azərbaycana qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

2009-cu ilin 13-15 oktyabr tarixlərində “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakı şəhərində İKT-yə üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir.

11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Xarici İşlər Nazir
liyinin Diplomatik Akademiyası İKT Baş Katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil etmişdir. İKT Baş katibi E.İhsanoğlunun iştirak etdiyi konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər, İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılmışdır.

(ardı var)

Şəffaflıq.az
Geri qayıt