Əsas Səhifə > Cəmiyyət > Stalin hansı filmlərimizə qadağa qoymuşdu?

Stalin hansı filmlərimizə qadağa qoymuşdu?


10-02-2023, 21:09


“Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub”.

Bu sözləri Lent.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev deyib.

Müsahibəni təqdim edirik:

- Cəmil müəllim, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu saziş çərçivəsində hansısa itmiş filmlərimiz barədə məlumat almaq və ya onları öz film fondumuza gətirmək mümkün oldu?

- Bəli, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondu arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş çərçivəsində Azərbaycanda olmayan vaxtı ilə itirilmiş bədii filmlər bərpa olunub Azərbaycana gətirildi. Bunların arasında “Əvəz Əvəzə” (1925), “Dəcəl dəstə” (1937), “Bir ailə” (1943), “Bakının işıqları”(1950), “Doğma xalqımıza” (1954), “Payız konserti”(1962) və başqalarının adını çəkmək olar.

- Sovet rəhbəri Stalin hansı filmlərimizin yayımlanmasına qadağa qoymuşdu?

- SSRİ dövründə “Bir ailə” (1943), “Bakının işıqları”(1950) və bir neçə başqa bədii filmlərə qadağa qoyulmuşdu, lakin sonradan qadağa götürüldü və bədii filmlər bərpa olunaraq Azərbaycana gətirildi.

- Sovet dönəmində senzuraları aşmaq çətin idi. Məsələn Dədə Qorqud kimi bir film bizim əsl soy-kökümüzə qayıdış idi. Nə əcəb bu filmin çəkilməsinə, göstərilməsinə icazə verilmişdi?

- Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” kimi tarixi filmlər çəkilib və “Dədə Qorqud” filminin ərsəyə gəlməsində Heydər Əliyevin böyük rolu olub.

- Azərbaycan kinosunun ən bahalı filmi hansı film idi? Ən çox gəlir gətirən film haqqında nə danışa bilərsiniz?

- SSRİ dövründə ən çox gəlir gətirən filmlər sırasında “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Uzaq sahillərdə” (1958), “Babək” (1979), “Arxadan vurulan zərbə” (1977) filmləri idi. Azərbaycan kinosunun ən bahalı filmi isə 1979-cu ildə lentə alınmış “Babək” filmi sayılır. Açığını desək, SSRİ dövründə filmlərin gəlir məbləği, onlara ayrılan büdcə sirr kimi saxlanılırdı, yalnız ümumi şəkildə ən çox gəlir gətirən və baxılan filmlərin adı çəkilirdi.

- II Qarabağ müharibəsi ilə bağlı arxiv üçün hansısa lentlər çəkilib?

- Birinci və ikinci Qarabağ müharibələri ilə bağlı xronikal materiallar əsasən Azərbaycan televiziyasının video arxivindədir, başqa televiziyaların arxivlərində də müəyyən materiallar var.

- İnternet çox adamın mütaliəyə həvəsini azaldıb. Sizin həvəsiniz varmı? Son dəfə hansı kitabı oxumusunuz?

- Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub.

 - İmkan olsa, hansı əsəri özünüz çəkərdiniz?

- Görkəmli Azərbaycan dramaturqu Süleyman Sani Axundovun ədəbi irsinə müraciət edərdim.

- Hansı əsərin ekran versiyasını görmək istəyərdiniz?

- ABŞ yazıçısı C.Selincerin əsərlərinin ekran versiyasını görmək istəyərdim.

- Dünyanın hansı ölkəsinə səfəriniz sizin üçün unudulmazdır?

- 2015-ci ildə İtaliyanın Neapol şəhərində konfransda olmuşam. Bu səyahət mənim üçün unudulmazdır. Bu səfərdə maraqlı insanlarla görüşlərim oldu. Şəhərin gözəl və bənzərsiz memarlıq abidələri unudulmaz təsir buraxıb.

Şəffaflıq.az


Geri qayıt