Əsas Səhifə > Cəmiyyət > Orxan Nəzərli: “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi daxilolmalarının artmasına səbəb olub”
Orxan Nəzərli: “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi daxilolmalarının artmasına səbəb olub”10-02-2023, 14:04 |
“Əldə olunan fiskal nəticələrdə, iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub”. Şəffaflıq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandıra biləcəyimiz dövrün əvvəlinə qayıtsaq, son 5 ildə istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində və biznesin fəaliyyəti kontekstində böyük dəyişiklikləri müşahidə edə bilərik: “Son illərdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil olub”. O.Nəzərli qeyd edib ki, 2022-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının nominal artım tempi 27,9 % olub: "Bu, həmin sektorda vergi yığımı bazasını təşkil edən ÜDM-in nominal artım tempini, yəni 21,6 %-lik artımı üstələyir. Beləliklə, məhz şəffaflaşma amili bu nəticələrin əldə olunmasına gətirib çıxarıb". Dövlət Vergi Xidmətinin rəisi bildirib ki, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində həyata keçirilən tədbirlər bir çox sahələrdə fəaliyyəti leqallaşdırmağa və aktiv ödəyicilər kateqoriyasını artırmağa imkan verib: "ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım fiskal baxımdan xüsusilə aktualdır. Belə ki, 2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı 7 %, aktiv ƏDV ödəyicilərinin sayı 15,1 %, aktiv obyektlərin sayı 3,2 % artıb. Bu ilin yanvar ayına aktiv vergi ödəyicilərinin sayı 712 minə yaxınlaşıb". Geri qayıt |