Əsas Səhifə > MANŞET / Cəmiyyət > RİİB könüllüləri Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək göstərəcəklər

RİİB könüllüləri Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına dəstək göstərəcəklər


7-02-2023, 20:36


Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir.

Şəffaflıq.az  xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi ilə bağlı Azərbaycan vətəndaşlarına çağırışına qoşulan RİİB-in könüllüləri fevralın 8-14-də saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcəklər. Humanitar yardım göstərmək istəyən şəxslər pul vəsaiti istisna olmaqla, yalnız ilkin tələb olunan ləvazimatları qeyd edilən ünvana təhvil verə bilərlər. RİİB könüllüləri tərəfindən əhalidən toplanan yardım daha sonra Türkiyədə fəlakət zonasına göndəriləcək.

Yardım kampaniyası ilə əlaqədar yaranan suallarla bağlı İctimai Birliyin “150” nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, faciədən zərər çəkmiş şəxslər üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım da göndərilir.


Geri qayıt