Əsas Səhifə > ELM VƏ TƏHSİL > YTP-nin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi işləri fevralda yekunlaşacaq

YTP-nin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi işləri fevralda yekunlaşacaq


6-02-2023, 15:34


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olmuş “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı işlər bu ayın sonunacan yekunlaşacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu bu gün YTP-nin rəhbərliyi ilə rezident müəssisələrin nümayəndələri arasında keçirilən görüşdə MMC-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov deyib.

V.Abbasovun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd texnopark və rezidentlərlə bağlı qanunvericilik aktlarında bəzi dəyişiklərlə tanışlıq və qarşıda duran problemlərin müzakirəsi olub.

Rəhbərlik etdiyi texnopark tərəfindən rezidentlərə hər zaman böyük dəstək göstərildiyini deyən V. Abbasov onların sağlam mühitdə sahibkarlıq fəaliyyətini icra etmələri üçün zəruri şərait və mühitin yaradıldığı qeyd edib.

Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov son dövrlərdə aparılan infrastruktur işlərindən bəhs edib. Onun sözlərinə görə, əraziyə 600 metr məsafədə yeni su və kanalizasiya xətləri, həmçinin 560 metr məsafədən yeni su xətti çəkilib, eyni yol infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib, o cümlədən ağır tonnajlı yük avtomobilləri üçün tərəzi keçən ilin son aylarından etibarən istismara verilib.

Tədbirdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov rezident müəssisələrin fəaliyyətlərindən danışaraq, yaxın günlərdə tikintiyə dair icazələrin alınacağını, iki rezident müəssisənin tikinti layihə sənədlərinin isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edildiyini bildirib. Eyni zamanda, rezident müəssisə rəhbərlərinə texniki və əmək təhlükəsizlik qaydalarına ciddi riayət olunması və müntəzəm nəzarətin aparılması tövsiyə olunub.

YTP-nin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nigar Mirbabayeva Azərbaycan Prezidenti İlham Əliyevin sənaye və texnologiyalar parkı ilə bağlı cari ildə imzaladığı mühüm fərmanlar barədə məlumat verib. “Gömrük tarifi haqqında” Qanuna edilmiş dəyişikliklər, o cümlədən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxslərin də texnologiya parkının rezidenti sayılması və onlara veriləcək imtiyazlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda müzakirələr aparılıb, rezident müəssisələrin rəhbərlərinin təklif və problemləri dinlənilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 28 iyul 2022-ci il tarixində AMEA-nın tərkibində olan bir sıra müəssisələrin, o cümlədən “Yüksək Texnologiyalar Parkı” MMC-nin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı fərman imzalayıb


Geri qayıt