Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyəyə qarşı yeni oyun: Üç hədəf istiqamətində atılan oxlar
Türkiyəyə qarşı yeni oyun: Üç hədəf istiqamətində atılan oxlar3-02-2023, 14:11 |
İsveçdə Quranın Türkiyə səfirliyi önündə yandırılması Ankaranın islam dünyasında güclənən mənəvi və strateji təsirlərinə reaksiya idi. Bəlli məsələdir ki, irqi, dini, milli ayrı-seçkilik salmaqla ifadə, söz və fikir azadlığı arasında fərq var. Bu fərq Quranın yandırılması fonunda Qərb tərəfindən üzə çıxarılmır. Əksinə, aparılan propaqanda ilə müsəlmanların müqəddəs saydıqları kitaba təhqirə az qala haqq qazandırılır. Bu azmış kimi, Qərb ölkələri Quranın yandırılması hadisəsinin terror aktları ilə nəticələnəcəyini arqumentləşdirirlər. Bu qənaətin arxasında, təbii ki, müəyyən kəşfiyyat məlumatlarına söykənən fikirlər də dayanır. Həm də qabaqdangəlmişlik edilir və Türkiyəyə qarşı təzyiq dalğasını yeni fazaya keçirmək üçün sui-istifadəyə yol verilir. ABŞ, Britaniya, İsveç, İsveçrə, Almaniya, Belçika, Fransa, İtaliya, Niderlandın Türkiyədəki diplomatik nümayəndəliklərini (konsulluqlar) bağlamaları buna bariz nümunədir. Hərçənd ki, bu addım Quranın yandırılmasına cavab olaraq Türkiyədə terror aktlarının törədilə biləcəyi ilə əlaqələndirilir. Ancaq məqsədlərin alt qatındakı niyyətlər Türkiyədə yaxınlaşan prezident seçkisi öncəsi iqtidarın elektoratını zəiflətməyə və ölkənin beynəlxalq nüfuzunun zədələnməsinə yönəlib. Qərbin həmrəyik nümayiş etdirməsi (Böyük Britaniya bir qədər fərqli mövzudur) təhlükəsizlik qayğılarının motivlərinə deyil, Türkiyəyə qarşı kampaniyanın qayəsinə söykənir. Buna görə də diplomatik nümayəndəliklərin bağlanması azı üç hədəfə atılan oxlardır. Birincisi, Türkiyəni “bu ölkədə terror olacaq” fikirlərini gücləndirən tərəflərin qarşısında aciz duruma salmaq məqsədinə xidmət edir. İkincisi, bu, Türkiyənin turizmdən qazandığı nəhəng iqtisadi potensialını zərbə altında qoymaq siyasətinin təzahürləridir. Üçüncüsü, Türkiyə iqtidarının seçkiqabağı öz xeyrinə yığa biləcəyi səslərin sayını azaltmaq kampaniyasının icrasıdır. Bu üç hədəf “Türkiyədə terror var, turistlər səfərlərini təxirə salsınlar və Ankaranın turizmdən qazandığı gəlirlər minimallaşsın” yekununa hazırlıq məşqidir. İki amil bu tezisi güclü və həqiqətə yaxın versiya kimi qiymətləndirmək üçün meyara çevrilir: 1. Qərb ölkələri Türkiyənin kəşfiyyat orqanları ilə müzakirə aparmadan tələsik diplomatları ölkədən təxliyə ediblər; 2. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə turizm gəlirlərinin artdığı bir vaxtda diplomatların çıxarılmasını psixoloji müharibə kimi xarakterizə edib. Türkiyəyə qarşı kampaniyanın inandırıcı olmasını göstərmək üçün ölkə daxilində müəyyən təxribatlar hazırlana bilər. Türkiyədəki təhlükəsizlik mühiti, onsuz da, kövrəkləşir, Qərblə anlaşılmazlıqlar, İsraillə İranın müharibə ritorikaları Ankara üçün sınaqlar təqdim edir. İndi əsas suallar bunlardır: Hansı qüvvələr bir-birilə əməkdaşlıq edəcəklər? Dostların öz rəqibləri və ya düşmənləri ilə sövdələşməyə getmələri gözlənilirmi? Türkiyə, əsasən, Böyük Britaniya və İsraillə əlaqələrinin dinamikasını dövriyyəyə salaraq bu iki ölkədən məhsuldar kəşfiyyat məlumatları almaqla təhdidləri önləyə bilər. Aqşin Kərimov Şəffaflıq.az Geri qayıt |