Əsas Səhifə > Cəmiyyət > Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb
Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb3-02-2023, 13:51 |
Lənkəranda gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Lənkəran rayon sakinləri İsmayıl Hüseynli və tanışı İlahə Məmmədova saxlanılarkən onlardan ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə - 9 kiloqram 224 qram heroin, 2 kiloqram 330 qram metamfetamin və 23 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkarlanaraq götürülüb. Lənkəran ŞRPŞ-də aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni və saxta əsginasları şəxsiyyəti istintaqla araşdırılan Əfşin adlı İran vətəndaşından satışını təşkil etmək məqsədi ilə əldə ediblər. Daha sonra İ.Məmmədova həmin narkotik vasitə və saxta əsginasları özünün işlətdiyi, Lənkəran şəhəri ərazisində yerləşən gözəllik salonunda gizlədib. Keçirilən digər əməliyyatla isə rayonun Göyşaban kənd sakini Ramiz Fərzullazadə saxlanılıb. Ondan heroin, nömrəsi silinmiş “Mosin” markalı yivli karabin və 3 ədəd patron aşkarlanaraq götürülüb. Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Onlardan 29 kiloqram narkotik vasitə, o cümlədən 23 kiloqram heroin, 3,5 kiloqram marixuana və 2,5 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Şəffaflıq.az Geri qayıt |