Əsas Səhifə > SİYASƏT > Prezidentin enerji siyasətinin iki əsas komponenti

Prezidentin enerji siyasətinin iki əsas komponenti


3-02-2023, 09:47


Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edəcək. Dövlət başçısının çıxışı nəzərdə tutulub.

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, “Bulgargaz” EAD, “Bulgartransgaz”, İCGB, “Fluxys”, ROMGAZ SA, SACE, “Desfa”, “TotalEnergies”, “FGSZ Ltd”, SNAM, “Uniper”, “Petronas”, “ACWA Power”, “Masdar”, “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaqlar.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi”: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” üzrə plenar sessiyalarla davam edəcək.

Bildirək ki, Prezident İlham Əliyevin yeni enerji siyasətinin iki əsas komponenti var.

Birinci, Azərbaycanın Avropa bazarlarına ixrac etdiyi qazın həcminin artırılmasıdır. Bu, Belə ki, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır.

Bildirək ki, sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıblar. Artıq həmin sənədin icrasına başlanıb.

2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edib, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrdir. 2023-cü ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq.

2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

İkinci, Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan bununla Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir.

Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Bu baxımdan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”inin icrası Avropa üçün mühüm əhəmiyyətə malikdir.

Aqil Vəlili

Şəffaflıq.az


Geri qayıt