Əsas Səhifə > Cəmiyyət > Xarici ticarətdəki müsbət saldo möhkəmdirmi?
Xarici ticarətdəki müsbət saldo möhkəmdirmi?1-02-2023, 14:59 |
Pərviz Heydərov yazır... İqtisadiyyatın real durumunu göstərən əsas indikatorlardan biri xarici ticarət dövriyyəsi - idxal və ixrac əməliyyatlarıdır. Tədiyyə balansını da əsasən məhz bu göstərici müəyyən edir. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ölkəmizə məxsus hüquqi və fiziki şəxslər tərəfindən dünyanın 184 ölkəsindəki tərəfdaşlarla ticarət edilib. Belə ki, 121 ölkədən ixrac, 172 ölkədən isə idxal əməliyyatları həyata keçirilib. Gömrükdə qeydiyyata alınan, lakin gömrük rəsmiləşdirilməsindən hələ tam olaraq keçməyən ixrac olunmuş xam neft və təbii qazın statistik qiymətləri nəzərə alınmaqla ötən ilin qeyd olunan dövrü ərzində xarici ticarət dövriyyəsinin həcmi ixrac 38 milyard 347 milyon 700 min ABŞ dolları, idxal isə 12 milyard 881 milyon 500 min ABŞ dolları təşkil etməklə, 51 milyard 229 milyon 200 min ABŞ dollarına bərabər olub. Nəticədə 25 milyard 466 milyon 200 min dollarlıq müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7%, real ifadədə 7,9%, o cümlədən ixrac 11,2%, idxal isə 1,2% artıb. Dövlət başçısı İlham Əliyev bu ilin başlanğıcında yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, xarici ticarət 50 milyard dolları ötüb. “Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir...” - deyə, ölkə rəhbəri qeyd etdi. Əlbəttə, bu çox güclü müsbət göstəricidir. Qeyd edək ki, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərir və ümumiyyətlə, hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb, nələri satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Çox şeyi məhz bu müəyyən edir və real iqtisadi gücü də məhz bu amil təzahür etdirir. Məsələn, 3 il qabaq pandemiya şəraiti dünya ölkələrini ilk növbədə ona görə gücdən saldı ki, ticarət zəiflədi, ölkələrarası alış-veriş əlaqələri dayandırıldı və bütün bunların nəticəsində də istehsal azaldı. Xarici ticarətdə müsbət saldo ölkədə makroiqtisadi dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Hansı ki, bunun əsasında maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi, istehsalın artım tempi və sair kimi məsələlər durur. Ümumiyyətlə, qazandığından nə qədər az xərcləsən bir o qədər çox iqtisadi güc və maliyyə dayanıqlığı əldə edə bilirsən. Yetər ki, buna şərait olsun. Ancaq burada bir məqam var. O da bundan ibarətdir ki, biz, enerjidaşıyıcıları ölkəsiyik və müsbət saldo buna görədir. İdxal və ixrac əməliyyatlarımızın strukturuna diqqət yetirdikdə dövlət gəlirlərimizin əsas hissəsini neft və qaz sektorundan əldə olunan gəlirlər təşkil etdiyini görürük. Belə ki, gəlirlərimizin 90%-də çox hissəsini məhz bu sektordan ixrac məhsulları təşkil edir. Söhbət, konkret olaraq bitumlu süxurlardan alınmış xam neft, neft məhsullarından, neftdən alınan tərkibində neft və ya neft məhsullarının miqdarı 70% kütlə və ya daha çox olan məhsullardan, təbii qaz və qaz halında olan, neft koksu və həmçinin digər məhsullardan gedir. Bunlar ümumilikdə 92%-dən çox təşkil edir. Yəni, bütövlükdə ölkədən ixrac etdiyimiz məhsullar üzrə strukturda 92%-dən çox… Neft-qaz sektoruna daxil olmayan mallara gəldikdə isə, bir sıra meyvə-tərəvəz məhsullarını, bitki və heyvan mənşəli piyləri və yağları, şəkər, tərəvəz və meyvələr üzrə emal məhsullarını, alkoqollu, alkoqolsuz içkilər ilə sirkəni, sement, elektrik enerjisi, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar ilə pambıq lifi və ipliyi, qara metallar və onlardan hazırlanan məmulatları, alüminium və ondan hazırlanan məmulatları, həmçinin digər bu kimi məhsul və malları qeyd etmək olar. Bütün bunlar da 7%-dən bir az çox təşkil edir. İdxala gəldikdə isə, onun strukturunda yeyinti məhsulları 16%-dən çox yer tutur. Söhbət ət, süd, qaymaq, kərə yağı və süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki-heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir. Ümumiyyətlə, idxalımızda tütün, tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmassa, oduncaq və onlardan hazırlanan məmulatlar, geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri, həmçinin digərləri də var. Bəli, iqtisadiyyatımızda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçilib və bu istiqamətdə müvafiq nəticələr də əldə edilməkdədir. Ancaq tələb olunan budur ki, ixracda qeyri neft-qaz sektoruna aid məhsullar dominant rol təşkil etsin. Xarici ticarət əməliyyatlarımızda buna nail olsaq müsbət saldomuz da möhkəm və dayanıqlı əhəmiyyət kəsb edə bilər və edəcək. Buna isə hələ var. Ümumiyyətlə, ixrac sırf intensiv şərait sayəsində stimullaşaraq genişlənməlidir, ekstensiv şərait, yəni xarici konyunktur amillər hesabına yox. Dünya bazarlarında yaranan müvafiq konyunktur şərait hesabına yaranan üstünlük nisbi xarakter daşıyır və buna bel bağlamaq olmaz. Bu baxımdan, real olaraq hələ ki xarici ticarətimizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura sahibdir. Bu isə heç də qənaətbəxş vəziyyət deyil. Qeyri-neft sektorunun inkişafı sayəsində bunun əksini təmin etməliyik. Şəffaflıq.az Geri qayıt |