Əsas Səhifə > SİYASƏT > SEPAH düşüncəsi: “Bakını raketlə vuraq” sorğusundakı mənasızlıq
SEPAH düşüncəsi: “Bakını raketlə vuraq” sorğusundakı mənasızlıq31-01-2023, 16:19 |
“Bakıdakı hərbi obyektlərin raketlərlə vurulmasına razısınızmı?” Belə sərsəm təhdidedici motivləri özündə daşıyan sualın müəllifi “İran” qəzetinin Xəbərlər departamentinin katibi Məhəmməd Motlaqdır. Motlaq öz aləmində bu sualla sorğu keçirir. Azərbaycanın, şükür ki, bəsirət gözü açıqdır, islam adı altında terroru bəsləyənlərlə, narkotik ticarətini beynəlmiləl edənlərlə səmimi dini yaşayanlar arasındakı pərdəni rahatlıqla aralayıb kimin kim olduğunu görə bilir. Terrorçu zehniyyətdə olan bu jurnalist SEPAH-ın beynindəki qavramı əks etdirir. Olsun, Azərbaycan belə hədələrə öyrəncəlidir və çox soyuqqanlılıqla SEPAH-ın o beyninin hüceyrələrini yandıra bilir. Strateji təmkin və səbir çox önəmlidir, Azərbaycan hər hansı avantüraya getmir, ancaq təhdidlərin həcmi artanda lazımi şəkildə cavab verir. Böyür-başını kosmetik şəkildə böyüdüb Azərbaycana qarşı tonunu dəyişməyən İranın bunu dərk edib-etməməsi heç maraqlı da deyil. Azərbaycan təhdidlərə sinə gərir və gələcək təhlükələrə qarşı böyük iradə nümayiş etdirir. Bu, xalqla dövlətin iradəsidir və bu harmoniyanı sarsıtmaq cəhdləri yalnız fiasko ilə nəticələnəcək. İranlı jurnalistin simulyasiya etdiyi hücumların real rejimdəki işləkliyi variantına gəlincə, bir neçə məqamı qeyd etmək yerinə düşür. Əgər Məhəmməd Motlaq inanırsa ki, İran Azərbaycanı bombalaya bilər, onda zəhmət çəkib buna görə İslam Respublikasının başında hansı torbanın tikiləcəyini başa düşməlidir. Birincisi: Azərbaycanın hərbi potensialı İranın hər hansı müdaxiləsinə cavab verə biləcək səviyyədədir. İkincisi: Beynəlxalq oyunçular Azərbaycana qarşı müdaxilə zamanı İranın başına od ələyər, bunun da Tehran üçün hansı nəticələr doğuracağını təsvir etmək çətin deyil. Üçüncüsü: Yaxşı olar ki, İran öz daxilində böyüyüb molla rejimini devirmək həddinə çatan problemləri və ölkə daxilində at oynadan kəşfiyyat haqqında düşünsün. Mənasız təbliğatlar, “vuraq, ya yox” kimi populizmlər işə yaramır. Neçə ildir ki, SEPAH Azərbaycanı hədələyir, İsraili “Yer üzündən silir”, ABŞ-ni məhv edir. Ancaq özü dağılır, ölkənin obyektləri atəşə tutulur. İranın başına gələnlər öz siyasətinin nəticəsidir, buna görə Azərbaycanı günahkar çıxarmaq qavrayışları riyakarlıqdır. Aqşin Kərimov Şəffaflıq.az Geri qayıt |