Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək31-01-2023, 10:29 |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün ilk matçında 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 16 xalla 7-ci pillədə qərarlaşan “Şamaxı”nı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəliblər. Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə Şamaxı klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 103:43. “Qarabağ” 17 oyundur ki, uduzmur. “Şamaxı” beş matçdır, qol vurmur. Son üç qarşılaşmada böyük hesablı nəticə qeydə alınıb. Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Bu görüşü autsayderlərin dueli kimi də qiymətləndirmək olar. Hazırda Gəncə təmsilçisi 13 xalla 9-cu, Bakı klubu isə 10 xalla sonuncudur. İki kollektiv bunadək Premyer Liqada altı dəfə qarşılaşıb. Üç oyunda “dənizçilər”, iki matçda “sarı-göylər” qələbə qazanıblar. Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. “Səbail”in on qoluna “Kəpəz” doqquz topla cavab verib. Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son beş matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub. Azərbaycan Premyer Liqası XX tur 31 yanvar (çərşənbə axşamı) 16:00. “Qarabağ”-“Şamaxı” Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev 18:30. “Səbail”-“Kəpəz” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov Qeyd edək ki, açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ”-“Sabah” və “Neftçi”-“Zirə” görüşləri ilə yekun vurulacaq. Geri qayıt |