Əsas Səhifə > Hadisə > Azərbaycanın su-meliorasiya sahəsinin tanınmış mütəxəssisi vəfat edib
Azərbaycanın su-meliorasiya sahəsinin tanınmış mütəxəssisi vəfat edib30-01-2023, 18:24 |
Azərbaycanın su-meliorasiya sahəsinin tanınmış mütəxəssisi Abid Nağıyev vəfat edib. Şəffaflıq.az-ın məlumatına görə, o, 84 yaşında dünyası dəyişib. A.Nağıyev Ağstafa rayonunda dəfn edilib. Qeyd edək ki, A.Nağıyev 1939-cu ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildən “Azərsutikinti” İdarəsinin Qazax rayon Tikinti Quraşdırma İdarəsində (TQİ) fəhlə-texnik kimi başlayıb. 1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alıb. O, 50 ilə yaxın su-meliorasiya sahəsində müxtəlif vəzifələrdə çalışıb. A.Nağıyev 1991-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib. 1993-2000-ci illərdə yenidən “Azərsutikinti” İdarəsinin Ağstafa rayon TQİ-da rəis kimi, 2000-2003-cü illərdə isə “Azərsutikinti” Səhmdar Cəmiyyətinin “Ağstafasutikinti” törəmə müəssisəsinin baş mühəndisi vəzifəsini tutub. O, 2006-cı ildən “Azdövlətsutəsərrüfatı” tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin TOMİQBM-nin nəzarətçi mühəndisi kimi çalışıb. A.Nağıyev işlədiyi dövrdə Qazax və Ağstafa şəhərlərində çoxlu sayda yaşayış binaları, Qazax şəhər 1 nömrəli orta məktəbi, Qazax şəhəri Nərimanov qəsəbəsində orta məktəbi tikib istifadəyə verib. 1986-1987-ci illərdə tutumu 20 milyon kubmetr olan Coğaz çayı üzərində su anbarı, Kəmərli kəndində su anbarı, 1984-1985-ci illərdə Şıxlı, Qaymaqlı və Kəmərli kəndlərinin torpaqlarını suvarma məqsədilə Kür çayından 4 pilləli nasos stansiya tikdirib, 1988-ci ildə 7 saylı Tikinti Quraşdırma İdarəsi üçün tikdirdiyi binanı Ağstafa rayonunda hazırda fəaliyyət göstərən Mərkəzi Xəstəxanası və poliklinikası üçün əvəzsiz olaraq verib, 1997-ci ildə Ağstafa şəhərinin içməli suya olan probleminin həll edilməsi məqsədilə Həsənsu çayından Ağstafa şəhərinə su xəttini çəkdirib. 1978-1979-cu illərdə Tovuz rayonu ərazisində Kür çayı üzərindən su anbarının tikintisini həyata keçirib, 14 nömrəli TQİ-nin daxili imkanları hesabına idarə işçiləri üçün 20 yaşayış binası tikib istifadəyə verib. Qazax və Ağstafa rayonlarında 100 km-lərlə suvarma sistemləri və irriqasiya obyektlərinin tikintisini həyata keçirib. Qırlı kəndinə gələn Kəhriz xəttini əsaslı təmir edib. A.Nağıyev 1982, 1987, 1995-ci illərdə Ağstafa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı il “Tərəqqi” medalı ilə təltif edilib. Geri qayıt |