Əsas Səhifə > Cəmiyyət > Fındığın alış qiyməti niyə ucuzlaşıb? - Səbəblərdən biri kimi xüsusi maddə göstərilir

Fındığın alış qiyməti niyə ucuzlaşıb? - Səbəblərdən biri kimi xüsusi maddə göstərilir


28-01-2023, 22:50


Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış logistik problemlər və keyfiyyətin aşağı düşməsi Azərbaycanda fındığın qiymətində ucuzlaşmaya səbəb olub. Əvvəllər 5-6 manat olan qiymətlər indi maksimum 3,6 manata düşüb. Fındıq tədarükçüləri ixrac bazarlarında da qiymətlərin ucuzlaşdığını deyirlər. 

Şəffaflıq.az-ın məlumatına görə.

Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının sayı ilbəil artır. Elə məhsullar var ki, onlar daim ölkəyə valyuta gətirir. Onlardan biri də fındıqdır. Fındıq həmişə Azərbaycan bazarlarında yaxşı qiymətə satılıb. Amma hazırda belə deyil, fındığın alış qiyməti xeyli ucuzlaşıb. Xüsusilə də şimal bölgəsinin bazarlarında fındığın alış qiymətində ucuzlaşma müşahidə edilir. Hazırda fındıq son 10 il ərzində ən aşağı qiymətə satılır. Fındığın qiymətində ötən illərlə müqayisədə 30-35 faizədək ucuzlaşma müşahidə olunur. Təsərrüfatçılar istehsal etdikləri fındığın 1 kiloqramını qəbul məntəqələrinə maksimum 3 manat 60 qəpiyə sata bilirlər. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında olub.

Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir ki, onlar şimal bölgəsi ilə yanaşı, həm də respublikanın digər regionlarından da mal qəbul edirlər. Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə də ixrac olunur.

Təsərrüfatçılar toplanan məhsulu adətən anbarlarda saxlayıb qiymət bahalaşandan sonra, yəni dekabr-mart aylarında satırlar. Bu il isə həmin tarixdə qiymətlər gözlənilənin əksinə ucuzlaşıb.

Bəs görəsən fındığın qiymətindəki bu qəfil ucuzlaşma nə ilə bağlıdır? Bu ucuzlaşmada yerli, yoxsa xarici faktorlar rol oynayır?

“4 manata satdığımız fındığı bu il 2-1,8 manata satırıq”

Fındıqçılıq təsərrüfatında çalışan sahibkar Eldəniz Doldolov bildirdi ki, həqiqətən də ötən illərlə müqayisədə 2022-ci ildə və 2023-cü ilin əvvəlində fındığın qiyməti çox ucuzdur: “Qiymətlərin ucuz olmasının bir neçə səbəbi var. Birincisi, 2022-ci ildə bağlardan topladığımız fındıq keyfiyyətsiz oldu, çürümə çox idi. Digər tərəfdən, belə görürük ki, dünyada gedən proseslər də bu məsələyə təsir edir”.

Sahibkar vurğuladı ki, ötən il 4 manata satdıqları fındığı bu il 2-1,8 manata satmaq məcburiyyətində qalıblar: “Ümumiyyətlə, bir fermer kimi qiymət məsələsinə o qədər də önəm vermirəm. Başqa fermerlər təəssüflər olsun ki, məhsuldarlığa diqqət ayırmırlar. Yəni onlar hesab edirlər ki, məhsuldarlıq aşağı olsa da, qiymətlər yuxarı olsun. Mənsə düşünürəm ki, qiymətin necə olmasından asılı olmayaraq, ilk növbədə məhsuldarlığı qaldırmaq lazımdır”.

“Ən çox ata-baba sortu xaricə ixrac edilir”

E.Doldolov qeyd etdi ki, fındığı onlardan alıb ixrac edən tədarükçülər xarici bazarlarda da qiymətin aşağı olduğunu bildirirlər: “Onlar həm dünya bazarında fındığın qiymətinin, həm də fermerlər tərəfindən təqdim edilən malın keyfiyyətinin aşağı olmasının təsiredici rol oynadığını bildirirlər. Amma onu deyə bilərəm ki, Azərbaycanda yetişdirilən fındıq keyfiyyət baxımından dünyada nömrə birdir. Biz daha çox ata-baba sortunu ixrac edirik. Bu sort bütün parametrlərinə görə digər sortlardan daha üstündür”.

Müharibə logistika ilə bağlı ciddi əngəllər yaradır

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, Azərbaycanda fındığın qiymətinin kəskin şəkildə enməsinin bir neçə səbəbi var: “Bunlardan birincisi bizim fındığın tərkibində aflotoksin adlanan maddənin çox olması ilə əlaqədardır. Göbələklər sinfinə daxil olan bu maddənin çox olması fındığın Avropa bazarlarına çıxmasına ciddi əngəl törədir. Bir müddət əvvəl də Azərbaycandan Avropaya ixrac edilmiş və kifayət qədər iri həcmdə olan fındıq geri qaytarılmışdı. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi səbəbindən logistika sahəsində ciddi əngəllər yaşanır”.

Fındıq istehsalının həcmi əvvəlki illərlə müqayisədə artıb

E.Əmirov vurğuladı ki, son illər Azərbaycanda fındıq sahələrinin həcmi artıb və buna görə məhsuldarlıq da yüksəlib: “Ölkədə fındıq istehsalının həcmi əvvəlki illərlə müqayisədə artıb. Fındıq istehsalında Türkiyədə də artım var. Hazırkı məqamda Azərbaycandan Türkiyəyə fındıq ixracı ciddi problemlərlə qarşılaşıb. Belə ki, Türkiyənin özündə də məhsul bolluğu var. Digər tərəfdən də xarici bazarlar Türkiyə fındığı ilə daha yaxşı səviyyədə təchiz olunur. Türkiyə lirəsinin ucuz olması Azərbaycan məhsulunu bazarda sıxışdıran faktorlardan biridir. Ümumilikdə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış logistik problemlər və Azərbaycan fındığının tərkibində afotoksin maddəsinin olması yerli fındığın qiymətinə və o cümlədən ixracına problem yaradır”. 


Geri qayıt