Əsas Səhifə > Hadisə > Qəbələdə qadını amansızlıqla öldürən rəfiqələr hökmdən narazıdırlar

Qəbələdə qadını amansızlıqla öldürən rəfiqələr hökmdən narazıdırlar


28-01-2023, 14:13


Qəbələdə 23 yaşlı Aytac Əliyevanın qətli ilə bağlı təqsirləndirilən Kemale Maksumbekova və rəfiqəsi Rufanə Nəbiyeva barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsinə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyirlər.

Şikayət hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 30-na təyin edilib. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kemale Maksumbekova 18 il, Rufanə Nəbiyeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Qəbələ rayonunda qeydə alınıb. Belə ki, rayon prokurorluğunun məlumatına görə, Qəbələ rayonu ərazisində Kemale Maksumbekova 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncu boğularaq ölüb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Davam edən araşdırmalarla Kemale Maksumbekovanın qətl törədərkən rəfiqəsi ilə əlbir olduğu müəyyən edilib.

İstintaqla 1993-cü il təvəllüdlü Rufanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə altı ilə yaxın münasibətdə olduğu müəyyən edilib. Onun boşanaraq Rufanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq, sözünə əməl etməməsinə görə R.Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun azyaşlı oğlu ilə cinayət əlaqəsinə girib. Onlar Aytacı oğurlayıb Şəkidə yaşadıqları evə aparmaq üçün razılığa gələrək Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər.

Daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rufanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məhkəmənin qərarı ilə Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), Rufanə Nəbiyeva isə Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri üzrə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli bilinərək barələrində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt