Əsas Səhifə > XARİCİ XƏBƏR > EBRD Tiflis metrosunun modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb
EBRD Tiflis metrosunun modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb17-01-2023, 16:42 |
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanda daha ekoloji ictimai nəqliyyatın inkişafına dəstək çərçivəsində Tiflis şəhərində 12-yə qədər metro stansiyasının bərpası və modernləşdirilməsinə 50,6 milyon avro kredit ayırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə EBRD məlumat yayıb. Bildirilir ki, maliyyə paketinə Yaşıl İqlim Fondundan (GCF) 5 milyon avroya qədər investisiya qrantı da daxildir. 1,2 milyon əhalisi olan Tiflis, davamlı investisiyalar və siyasət tədbirləri vasitəsilə ekoloji problemlərini həll etməkdə üzvlərə dəstək verən EBRD-nin "Yaşıl Şəhərlər" proqramına qoşulan ilk şəhərlərdən biri olub. Eyni zamanda Tiflis "Yaşıl Şəhər" Fəaliyyət Planını (GCAP) hazırlayan ilk şəhərlərdən biridir. Tiflis avtobus parkının yenilənməsi və ictimai nəqliyyat şəbəkəsinin yenidən qurulması sahəsində öz səyləri ilə əhəmiyyətli irəliləyiş əldə edib. Yeni kreditin məqsədlərindən biri insanları şəxsi nəqliyyatdan ictimai nəqliyyata keçməyə təşviq etməyə yönəldiləcək. “Bu gün EBRD ilə Tbilisi Metropoliteninin Müasirləşdirilməsi üzrə Kredit Sazişi imzalamaqla, biz Gürcüstanın ətraf mühitini və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində səylərimizi daha da irəli daşıyacağımıza ümid edirik. Həmçinin layihənin uğurla başa çatdırılması ilə metro sisteminin əlçatanlığını, etibarlılığını və təhlükəsizliyini artırmaqla daha çox insanı ictimai nəqliyyatdan istifadə etməyə həvəsləndirəcəyinə ümid edirik. Layihə metro stansiyalarının enerji səmərəliliyini artıracaq, bu da şəhərə daha effektiv infrastrukturun qurulmasına kömək edəcək və iqlimə davamlılığın artmasına səbəb olacaq”, - Gürcüstanın maliyyə naziri Laşa Xutişsvili deyib. EBRD-nin Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman qeyd edib ki, son illərdə Tiflis artan ekoloji çağırışlara cavab olaraq nəqliyyat infrastrukturunun transformasiyasında mühüm irəliləyiş əldə edib: "Bu səmərəli əməkdaşlığın davam edəcəyinə ümid edirik” Xatırladaq ki, EBRD bu günə qədər Gürcüstanda 283 layihənin maliyyələşdirilməsinə 5 milyard avro sərmayə yatırıb, bunun da 80 %-dən çoxu özəl sektorun payına düşüb Bankın ölkədəki əsas investisiya portfelinə maliyyə sektoru, dayanıqlı infrastruktur, istehsal və xidmət sahələri, kiçik və orta sahibkarlıq daxildir. Geri qayıt |