Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukrayna Gürcüstana “verdiklərimi geri qaytar” deyir: Azərbaycan və Türkiyə Qərblə anlaşırlar
Ukrayna Gürcüstana “verdiklərimi geri qaytar” deyir: Azərbaycan və Türkiyə Qərblə anlaşırlar13-01-2023, 14:45 |
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Kiyevlə Gürcüstanın münasibətlərinin arasında səd çəkilməyə başlandı və tərəflərin isti əlaqələrini sərinlik əvəz etdi. Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, bunun əksini özünün milli maraqlarına təhlükə sayır. Tbilisinin davranışları Ukraynanı qıcıqlandırır və Kiyev az qala məcbur edir ki, Gürcüstan mütləq şəkildə Rusiyaya qarşı kampaniyanın iştirakçısı olsun. Soyuqlaşan münasibətlər tezalışan maddə vəziyyətinə gəlir, bu dəfə isə Ukrayna keçmişə ekskurs edərək Gürcüstana verdiyini tələb edir. Ukrayna 2008-ci ildə Gürcüstana verdiyi silahları, “Buk” zenit-raket komplekslərini geri istəyir, ancaq Tbilisinin arqumenti budur ki, həmin tədarük hədiyyə kimi deyil, ödəniş əsasında gerçəkləşib. Ukrayna hətta ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə sistemlərin də geri alınmasını tələb edir. Bu, aşkar şəkildə Vaşinqtonla Tbilisinin əlaqələrində məqsədli şəkildə gərginlik yaratmaq və ikincini az qala Ukraynadakı müharibənin tərəfinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər. Ukrayna, bəlkə də, “Buk”ları istəməkdə haqlıdır, amma onun ABŞ-ni də eyni şərtə məcbur etməsi Gürcüstan tərəfindən heç cür başa düşülmür. Əgər ABŞ Ukraynanın sözlərinə qulaq asıb, Gürcüstana silah tədarükünə yenidən baxılmasını nəzərdən keçirsə, bu, Vaşinqton üçün strateji faciə olar. Ancaq ABŞ-nin Gürcüstanı “silib-süpürmək” səylərinə girişməsi inandırıcı görünmür, çünki Ağ Ev üçün Tbilisinin həm siyasi, həm də strateji əhəmiyyəti böyükdür. Gürcüstanın Moskvanın yaratdığı ərazi münaqişəsindən əziyyət çəkməsi, həmin konflikt zonalarında Rusiyanın hərbi mövcudluğu, Kremldən artan təzyiqlərdən və ölkə daxilində pultu Kremlin əlində olan “boz kardinallar”dan qorxusu onu ehtiyatlı manevrlərə təhrik edir. O, Qərbin dolayı parçası kimi Ukraynaya siyasi dəstək göstərir, lakin hərbi yardımlardan söhbət düşəndə Tbilisinin qorxuları zilə qalxır. Yəni Gürcüstan Rusiyanın Ukraynanı işğala girişməsinin özünə münasibətdə təhlükəli paralellərini görür və böhrana münasibətdə elə mövqe tutur ki, uçuruma yuvarlanmasın. Gürcüstanın tutumu Qərbə inteqrasiya yolunu seçmiş bir ölkə kimi onun imici üçün elə də xoş seçim sayılmır. Ancaq təhlükəsizlik qayğılarının artması Tbilisinin ehtiyatlarını maksimallaşdırmalıdır. Ancaq nə Ukraynanın təzyiqləri, nə də Rusiyanın münaqişə ocaqlarını qıcıqlandırması Gürcüstanın Qərbə yolunu bağlamaq gücündə deyil. Çünki Gürcüstanın xarici siyasətinin təməli Mixail Saakaşvilinin hakimiyyəti dövründə və ondan sonrakı qısa müddətdə fərqli maya ilə yoğruldu. Tbilisi bununla da bir növ Qərbin strukturları qarşısında öhdəlikləri yerinə yetirəcək bir tələbə statusu qazandı. Gürcüstanın Ukraynaya Kiyevin istədiyi həddə yardım göstərmək həvəssizliyi Qərbin özünü də kompleksə salmır. Çünki Qərb Tbilisinin potensialının, hərbi arsenalının Rusiyanın mümkün təcavüzünün qarşısındakı acizliyini anlayır. Qərbin özü də Gürcüstan üzərindəki manevrlərini ehtiyatlı ölçülərlə qurur. Çünki Rusiyadan idarə olunan qüvvələrin idarəetmədən tutmuş digər strukturlara qədər sirayət etməsinə qarşı, ola bilsin ki, əks-əməliyyat mövcud deyil. Qərb indi Gürcüstanda çox məhdud səlahiyyətləri olan prezidentlik institutunun ona verəcəyi dəstəkdən bərk yapışır. Prezidentin Qərb, hökumətin isə məcburiyyətdən dolayı Rusiya istiqamətinə əyilməsi Gürcüstanda daxili-siyasi sabitlik üçün təhdidləri alovlandıra biləcək nəsnədir. Belə təhlükəli miqyasın böyüməsi Moskva üçün “qırmızı cizgi”lərin keçilməsi ilə müşayiət olunsa, bu, Rusiyanın Gürcüstanın sabitliyinə asanlıqla, ucuz başa gələn və effektiv şəkildə zərər verə bilmək potensialını genişləndirəcək. Rusiyanın postsovet məkanındakı hegemonluq taxtında maksimalist mövqeyi regional lövhədəki yerləşmələrə də təsir göstərir. Rusiyanın Gürcüstana hərbi müdaxilə etmək riski Qərb qədər Azərbaycan və Türkiyəni də narahat edir. İpucları tapmaq olar ki, bəlkə də, Bakı və Ankara Rusiya ilə isti münasibətlərini işə salaraq Moskvanın Tbilisini cəzalandırmasına mane olurlar. Çünki Gürcüstan Azərbaycanla Türkiyənin başqa ölkədəki strateji maraqlarının kəsiyidir. Məntiqlə, Qərbin Gürcüstanı qorumaq səylərinə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi əhəmiyyətli dəstək verir. Azərbaycan-Türkiyə-Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi də bunu sübut edir. Azərbaycanla Türkiyə Qərbdəki tərəfdaşlarının dəstəyi və tövsiyələri ilə Gürcüstanın təhlükəsizlik zolağında qalmasının ardıcıllığı üçün birgə plan hazırlaya bilərlər. Rusiya isə hələlik Gürcüstandakı münaqişə ocaqlarını qızışdırmaqdan ötrü əlinə açar verildiyini düşünmür, çünki Tbilisi Moskvanı qane edəcək səviyyədə bir duruşa keçib... Şəffaflıq.az Geri qayıt |