Əsas Səhifə > REGİON > Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub.

Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub.


27-09-2019, 23:01
 Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində sentyabrın 27-də Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub. Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr idarəsinin müdiri Cəmilə Talıbzadə, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Alessandro Frakassetti və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov iştirak ediblər.
Şəffaflıq.az  xəbər verir ki, 105 nəfər tələbə və gəncin qatıldığı III Yay Məktəbi 4 gün davam edəcək.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
BMT Modeli üzrə Yay Məktəbinin gənclərin dünyagörüşünün formalaşmasında, onların qlobal əhəmiyyətli müzakirələrdə iştirakında, öz fikirlərini və mövqeylərini əsaslandırmaq baxımından püxtələşmələrində xüsusi əhəmiyyətini vurğulayan icra hakimiyyətinin başçısı, bu sahədə onlara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, gənclərin hər birinin gələcəkdə diplomat olması mütləq deyil, amma onlar hər hansı bir sahədə çalışmalarından asılı olmayaraq Azərbaycanın maraqlarını, Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq tribunalarda, müxtəlif beynəlxalq müzakirələrdə qorumaq, müdafiə etmək bacarığına yiyələnməlidirlər.

 Bu bacarığı isə Yay Məktəbinə qatılan gənclərimiz əldə edirlər. Onların gələcək həyatlarında, gələcək təhsillərində, karyera inkişaflarında qazanacaqları bu biliklərin müsbət təsiri olacaq.
BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Alessandro Frakassetti Şamaxının qədim tarixə malik, tarixən ədəbiyyat və incəsənətin harmoniyasını təmsil edən gözəl bir diyar olduğunu vurğulayaraq, Yay Məktəbinin iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan gənclərinin bu tədbirə qatılmaqla öz maraq və diqqətlərini nümayiş etdirdiklərini söyləyən natiq, hazırda dünya əhalisinin üçdəbirinin 14-29 yaş qrupunda olduğunu, belə bir şəraitdə gənclərin də fikrinin nəzərə alınmasının, onların da dəstəyinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.


 Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr idarəsinin müdiri Cəmilə Talıbzadə açılış mərasimindəki çıxışında Azərbaycanının turizm imkanlarından, tanınmamış və mübahisəli ərazilərdə turizm məsələlərindən bəhs edib. O, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması sahəsində görülən işlərdən, bu sahədə Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışıb.

III Yay Məktəbində BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələri Komitəsi – “Mövcud ticari vəziyyətin dünya iqtisadiyyatına təsiri”, Ümumdünya Turizm Təşkilatı – “Tanınmamış və mübahisəli ərazilərdə turizm”, Futuristik Komitə - “III Dünya Müharibəsinin astanasında” mövzuları simulyasiya olunacaq. BMT Modeli üzrə Yay Məktəbi gənclərin xarici dil, danışıq, təqdimat, ünsiyyət, rəsmi yazı və bir çox digər şəxsi və iş bacarıqlarının inkişafına, onların beynəlxalq səviyyədə müxtəlif konfranslar üçün rəqabət qabiliyyətlərinin artırılmasına böyük töfhə verir.
BMT Modeli üzrə I Yay Məktəbi 2015-ci il avqustun 10-14-də Daşkəsəndə, II Yay Məktəbi isə 2016-cı il avqustun 2-5-də İsmayıllıda təşkil edilib.Şəffaflıq.az




 

Geri qayıt