Əsas Səhifə > HƏRBİ > Zakir Həsənov İtaliyanın müdafiə naziri ilə görüşüb, hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

Zakir Həsənov İtaliyanın müdafiə naziri ilə görüşüb, hərbi əməkdaşlıq məsələsi müzakirə olunub


12-01-2023, 16:26


Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və İtaliyanın Dövlət Himnləri səsləndirilib.

Q.Krosetto protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Sonra general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri nümayəndə heyətini Vətən müharibəsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.

Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.

General-polkovnik Z.Həsənov bu səfərin Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edib.

Q.Krosetto isə öz növbəsində göstərilən qonaqərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

İki ölkə arasında arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan və İtaliya Respublikaları arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.


Şəffaflıq.az


Geri qayıt