Əsas Səhifə > SAĞLAMLIQ > Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur.
Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur.9-01-2023, 12:50 |
Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Şəffaflıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik: "Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur". Mütəxəssis son günlər insanlar arasında yayılan xəstəliklər barədə də danışıb: "Son günlər əhali arasında hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir. Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyənədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyaların da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümü infeksiyalara yoluxma hallarının artması gözlənilən idi. Son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz. Geri qayıt |