Əsas Səhifə > Cəmiyyət / Manşet / Karusel > Şamaxı rayon sakininin Azərbaycan Xalqına Müraciəti

Şamaxı rayon sakininin Azərbaycan Xalqına Müraciəti


31-12-2022, 11:32



Şamaxı rayon Nüydü kənd sakini İskəndərov Həsən Balaş oğlu "Şəffaflıq" qəzetinin redaksiyasına gələrək "Dünya Azərbaycanlılarına Müraciət" başlıqlı əlyazmasını bizə təqdim edib onu yayımlamağımızı xahiş etdi.

 Redaksiyamız və saytımız bütün Azərbaycanlıların, haqq səsini ucaldanların üzünə açıq olduğundan bu əlyazmanı nəzərdən keçirib onu olduğu kimi dərc edirik.


Dünya Azərbaycanlılarına Müraciət

 

Hörmətli igid, məğrur Azərbaycan Xalqı Sizi 31 dekabr 2022-ci il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm. Sizə uğurlu mənalı gələcək, Vətən Sevgisi, haqq-ədalət uğrunda birlik, işlərinizdə müvəffəqiyyətlər, ailə üzvlərinizə can sağlığı, sağlam ruh, möhkəm əqidə arzulayıram. Bizim yaşadığımız qədim Azərbaycan Odlar Yurdudur. Ulu tanrı bu torpağa hər bir sərvəti bəxş edib. Yerin altı da üstü də sərvətdir. Bu sərvətin qədrini bilməli, ondan səmərəli istifadə etməliyik. Mənfur düşmənlərin gözü həmişə bu torpaqda olub. Tarixlər boyu hücumlara məruz qalmışıq. 

Qacar yurdu Azərbaycan Şərqin qapısıdır. Günəş həmişə şərqdən doğur. Bu torpaq Dədə-Qorqud yadigarıdır, məşhur sərkərdələr diyarıdır. Koroğlu, Babək, Qaçaq Nəbi, Cavanşir kimi sərkərdələr, Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun, Xəlil Rza Ulutürk kimi minlərlə dahilər yetişib bu torpaqda. Biz onların nəsiliyik, davamçılarıyıq. 

Hal-hazırda yaşadığımız Azərbaycan ərazisində Şah İsmayıl Xətai (1594-cü ildə) bütün kiçik xanlıqları birləşdirərək Böyük Səfəvilər Dövləti yaradıb. Bizim borcumuz bu dövlətçiliyi göz bəbəyi kimi qorumaq və inkişaf etdirməkdir. Biz buna qadir Xalqıq. Bizim İlham Əliyev kimi mərd, bacarıqlı, müdrik Ali Baş Komandanımız var. Biz bundan sonra daha da sıx birləşərək “Dəmir Yumruğu” “Polad Yumruğa” çevirməliyik. 

Hər şey Vətən üçün, hər şey doğma Azərbaycanın bütövlüyü və qüdrətlənməsi üçün!

SSRİ süqut edəndən bəri müstəqillik uğrunda 20 mindən çox şəhid vermişik. Nə qədər ana-bacılarımız, qızlarımız girov götürülüb. Əgər bu deyilənləri etməsək onların ruhu, çəkdikləri mənəvi və fiziki iztirablar bizi heç vaxt bağışlamaz. Biz buna qadir Xalqıq. Biz bütün dünyaya sübut edəcəyik ki, Azərbaycan Xalqının iradəsini heç bir silah qıra bilməyib və qıra bilməyəcək. 

Cənab Prezident 2023-cü ili “Heydər Əliyev” ili elan edib. Bunun arxasında çox böyük ideyalar durur. Allahın köməkliyi ilə 2023-cü ildə Zəngəzur dəhlizi açılar.Yağı düşmən sülh müqaviləsini imzalayar və Azərbaycan daha da qüdrətlənər, dünyanın aparıcı dövlətinə çevrilər. Tarix təkrarlanır, odur ki, yenidən Böyük Azərbaycan Dövlətinin yaranması labüddür. 

Türk Xalqının dahi oğlu Süleyman Dəmirəl həmişə söyləyərdi: XXI əsr türk əsridir, bunun qarşısını heç bir qüvvə ala bilməz. Onun davamçısı Rəcəb Tayyib Ərdoğan bu ideyanın həyata keçirilməsini reallığa çevirir. 

Yaşasın Sarsılmaz Türkiyə-Azərbaycan Dostluğu! 

Mənfur, hiyləgər düşmənlər oyuncaq erməni dövlətindən hər cürə istifadə edərək bu ideyaların həyata keçirilməsinə mane olmağa, ləngitməyə çalışırlar. Lakin həqiqət həmişə qalib gəlir. Biz möhkəm olmalı, sağlam ruhla yaşamalı və Prezidentimizin ətrafında sıx birləşməliyik. Bir amalımız və şüarımız olmalıdır.

Hər qaranlıq gecənin bir aydın səhəri olur. Bu aydın səhər Azərbaycan Xalqının üzünə açılıb. Bu yerdə dahi Azərbaycan şairi Abbas Səhhətin məşhur şeri yada düşür:

 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni unutmaq məncə nə demək

Südüdür kim dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

Bəslərəm gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

Vətəni sevməyən insan olmaz,

Olsada ol şəxsdə vicdan olmaz.

 

Hörmətlə,

Həsən Balaş oğlu İskəndərov

Şamaxı rayon, Nüydü kəndi

 

Şəffaflıq.az


Geri qayıt