Əsas Səhifə > EKOLOGİYA > Azərbaycanda yaşıllıqların kəsilməsinin cinayət məsuliyyəti yaratmadığı hallar müəyyənləşib.

Azərbaycanda yaşıllıqların kəsilməsinin cinayət məsuliyyəti yaratmadığı hallar müəyyənləşib.


30-12-2022, 21:05


Azərbaycanda yaşıllıqların kəsilməsinin cinayət məsuliyyəti yaratmadığı hallar müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, bu, Konstitusiya Məhkəməsinin Plenumunun Baş Prokurorluğun sorğusu əsasında qəbul etdiyi qərarda əksini tapıb.

Qərarda deyilir ki, kənd təsərrüfatı məqsədilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz.

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci, 83.0.6-cı və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.

“Yaşıllıqların mühafizəsi haqqında” qanunun 8-ci və 9-cu maddələrinin mənasına əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.


Geri qayıt