Əsas Səhifə > Cəmiyyət > “Sədərək Yusif”in oğlunun evindən oğurluqda ittiham olunan şəxsin vəsatəti təmin edildi

“Sədərək Yusif”in oğlunun evindən oğurluqda ittiham olunan şəxsin vəsatəti təmin edildi


21-12-2022, 15:23


“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə Ruzan Cabbarovanın vəkili Günay İsmayılova vəsatətlə çıxış edib. Vəkil bildirib ki, Ruzan Cabbarova həbs olunandan sonra ifadə verən zaman, həmçinin ifadəsinin yerində yoxlanılması zamanı vəkil iştirak etməyib:

“Amma rəsmi protokollarda vəkilin iştirak etməsi ilə bağlı imzalar var”.

G.İsmayılova həmin imza sahibi olan vəkil İlqar Qəzənfər oğlu Musayevin telefonunun həmin anda əhatə dairəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsini istəyib.

Günay İsmayılova qeyd edib ki, protokollarda vəkilin imzası olsa da, özü iştirak etməyib və belə olan halda da Ruzan Cabbarova müdafiəsiz qalıb. Vəkil deyib ki, istintaq başlanan zaman Səbail Rayon Polis İdarəsində qanun pozuntularına yol verilib.

Qısa müşavirədən sonra vəsatət qismən təmin edilib.

Daha sonra hakimlər məhkəmə istintaqının başlanılması barədə qərar qəbul ediblər və ittiham aktını elan etmək üçün prokurora söz verilib.

Bundan sonra prokuror ittiham aktını elan edib.

İttiham aktı geniş olduğu üçün ittihamnaməni sona kimi oxumağa vaxt çatmayıb.

Məhkəmənin növbəti iclası gələn il yanvarın 10-da prokurorun ittiham aktını elan etməsi ilə davam etdiriləcək.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 118 manat ziyan vurub.

İstintaq zamanı Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.


Geri qayıt