Əsas Səhifə > Cəmiyyət > Vasif Talıbov YAP-dan çıxarılır?
Vasif Talıbov YAP-dan çıxarılır?19-12-2022, 14:55 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış müzakirələr səngimək bilmir. Naxçıvandan ard-arda həbs xəbərlərinin gəlməsi Talıbovu və yaxın ətrafını gündəmdən düşməyə qoymur. Yenisabah.az bildirir ki, V.Talıbovun qeyri-rəsmi toxunulmazlığının qaldırılmasından, yəni onun fəaliyyətinin mətbuatda eninə-boyuna təftiş edilməsindən sonra bir çox dillərdəki “qıfıl” götürülüb. İndi təkcə Talıbovların zülmündən əziyyət çəkən sıravi naxçıvanlılar deyil, tanınmış politoloqlar, analitiklər, hətta Milli Məclisin deputatları da muxtar respublikada baş verən qanunsuzluqları dilə gətirirlər. Qeyd edək ki, Vasif Talıbovun Bakıya gəlməsindən və məlum olmayan səbəblər üzündən Naxçıvana qayıda bilməməsindən sonra bu müzakirələr daha da qızışıb. Ali Məclis sədrinin postundan uzaqlaşdırılmasını deyil, hətta onun cəzalandırılmasını tələb edən adamların sayı sürətlə artır. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Vasif Talıbovla bağlı hakim Yeni Azərbaycan Partiyasının yuxarı eşelonunda da müzakirələr aparılıb. YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb ediblər. Gərgin keçən müzakirələrdən sonra bir qədər gözləməyə qərar verilib. YAP-dakı mənbə sayta deyib ki, İdarə Heyətinin üzvləri Vasif Talıbovla bağlı qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirlər. Onun sözlərinə görə, Ali Məclis sədrinin tutduğu postdan uzaqlaşdırılması onun YAP sıralarından xaric edilməsi ilə nəticələnəcək. Bildirək ki, V.Talıbov YAP Naxçıvan MR təşkilatının sədri və eyni zamanda partiyanın İdarə Heyətinin üzvüdür. Onun bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibəti ilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı. Şəffaflıq.az Geri qayıt |