Əsas Səhifə > ƏSAS XƏBƏR > İctimai Şuranın sədri: “Provayderlərin qazandıqları vəsaitin qarşılığında internet təchizatı azdır”

İctimai Şuranın sədri: “Provayderlərin qazandıqları vəsaitin qarşılığında internet təchizatı azdır”


7-12-2022, 22:49



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura dekabrda sabit telefon və internet xidmətləri üzrə qiymət və keyfiyyət məsələlərini müzakirə etmək üçün “Aztelekom” MMC-nin nümayəndələri ilə görüşəcək.

Bunu mətbuata açıqlamasında İctimai Şuranın sədri, sabiq rabitə naziri Siruz Abasbəyli deyib.

S.Abasbəylinin sözlərinə görə, İctimai Şuraya internet qiymətlərinin yüksək, keyfiyyətin isə aşağı olması ilə bağlı şikayətlər daxil olur:

“Biz İctimai Şura olaraq bu məsələni bir neçə dəfə “Aztelekom” və “Baktelekom” MMC-lər qarşısında qaldırmışıq. Təxminən 1 ay əvvəl də həmin provayderlərin nümayəndələri ilə görüş zamanı da müzakirə etdik. Onlar bizə bildirmişdilər ki, hazırda bu məsələlərin üzərində işləyirlər və proses hələ sona çatmayıb. Anlatdılar ki, keyfiyyəti yüksəltmək, fiber-optik kabellərin çəkilişi üçün və bu proseslərə sərf edilən əməyi qarşılamaq üçün ola bilsin hansısa qiymət fərqi olsun. Amma bir daha təkrar edirəm, bildirdilər ki, bu son nöqtə deyil, hələ iş gedir.

O zaman qərara almışdıq ki, bir müddət sonra bir daha görüşək və bu ayın içində bir daha görüşməyi düşünürük. Digər bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda “Aztelekom” və “Baktelekom”un birləşmə prosesi gedir. Həmçinin provayderlərin fəaliyyəıtini tənzimləyən yeni qurum - İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi təşkili prosesindədir. Burada hazırda həll edilməmiş bir sıra məsələlər xüsusən də struktur, kadr və təyinat məsələləri var. Bunlar həll edilmədikdə son qərarı vermək mümkün deyil”.

Sabiq nazir əlavə edib ki, internet və sabit telefon tariflərində artıma gedilməsi bir çox hallarda mövcud tələbatdan irəli gəlir:

“Bir məsələni də əlavə edim ki, hələ 20-25 il əvvəl mən nazir olanda ev telefonlarının qiymətinin təxminən 50 qəpik artırılmasını təklif etmişdim. O vaxt aləm bir- birinə qarışdı ki, insanlar dolanmağa pul tapmır, siz qiymət artımına gedirsiniz. İctimai narazılığın artdığını görüb biz bu təklifin dondurulmasına qərar verdik. Amma bu gün sabit telefon qiymətləri 1 manat, internet tarifləri də müəyyən məbləğdə artdı. Halbuki insanlar eyni xidmətləri bu gün mobil telefon vasitəsi ilə görür və bir neçə dəfə artıq ödəniş edir”.

S.Abasbəyli hesab edir ki, ölkəyə internetin gətirilməsi ilə məşğul olan provayderlərin qazandıqları vəsaitin qarşlığında internet təchizatı azdır:

“Provayderlərin hamısı Bakıya yığışıb və ancaq bura camaatının pulunu talamaqla məşğuldur. Çox uzağı demirəm, Masazırdakı gedib vəziyyəti görmək lazımdır. Belə yerlərdə gedib şəbəkə çəkmək və internet təchizatını təmin etmək lazımdır. Digər tərəfdən də vətəndaşla müqavilə bağlayırlar ki, onlara misal üçün 1 mb/s sürət verəcəklər, amma onu 4-5 abonent arasında bölür.

İctimai Şura olaraq bizə də bu istiqamətdə şikayətlər daxil olur və biz də öz səlahiyyətimiz çərçivəsində bu problemlərlə mübarizə aparırıq. Amma etiraf etməliyəm ki, hərdən gücümüz çatmır. İctimai Şura yaranıb amma ona istənlən güc, ixtiyar verilməyib”.

Xatırladaq ki, bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırdığını açıqlayıb.

Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalarını davam etdirir. Adları çəkilən rabitə müəssisələrində də müşahidə olunan qiymət artımlarının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub və onlar tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Şəffaflıq.az


Geri qayıt