Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Əlilliyi olan şəxslər sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunublar
Əlilliyi olan şəxslər sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunublar3-12-2022, 14:22 |
BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd edilir və məqsəd ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə yönəltməkdir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda əlilliyi olan şəxslər məqsədyönlü sosial müdafiə və reabilitasiya tədbirləri ilə əhatə olunublar. Ölkəmiz hələ 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və bu Konvensiya ilə üzərinə düşən öhdəlikləri, o cümlədən əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin həmin sənədə uyğun təkmilləşdirilməsi işlərini uğurla yerinə yetirir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə pensiya və ya aylıq sosial müavinətlə, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinətlə təmin edilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü verilir. Həmin sosial ödənişlərin ötən dövrdə ardıcıl artırılması təmin olunub. Xüsusilə son 4 ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 77 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının dəstəklənməsində mühüm rola malikdir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə 14 təlim istiqamətindən əlavə son bir ildə daha 8 fəaliyyət istiqaməti üzrə təlimlər təşkil olunub. Burada 281 benefisiardan 200-ə qədəri əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərləri valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləridir. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində yaradılan Regional İnformasiya Mərkəzləri də əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət edir. Son 4 ilin geniş miqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, həmçinin ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Görülən işlər reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayının 4 dəfə artmasına imkan verib. Qeyd edək ki, gələn ilin ilk aylarında Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzi açılacaq. Ölkəmizin işğaldan azad edilmiş bölgələrində həyata keçirilməsi planlaşdırılan sosial layihələr çərçivəsində Kəlbəcərdə də yaxın illərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Yaradılan müasir reabilitasiya infrastrukturu müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiya xidmətləri ilə əhatə olunmasında da mühüm potensialdır. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2650-dək şəxs həmin müəssisələrdə reabilitasiya xidmətləri, 1750 şəxs isə 29 054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib. Ölkədə əlilliyin qiymətəndirilməsi də e-sistem üzərindən şəffaf şəkildə icra edilir. 2022-ci ilin iyul ayından Azərbaycanda əlilliyin qiymətləndirilməsi artıq ənənəvi 3 dərəcə əsasında deyil, mütərəqqi dünya təcrübəsinə uyğun yeni meyarlarla - orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də təşkil edilir. Qeyd edilənlər, habelə əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının artırılması, paralimpiya hərəkatının genişlənməsi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrindən ibarət kitab-albomların nəşri və s. istiqamətlərdə ardıcıl tədbirlər ölkəmizdə həmin şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını göstərir. Şəffaflıq.az Geri qayıt |