Əsas Səhifə > ƏSAS XƏBƏR > FHN maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb

FHN maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb


26-11-2022, 23:45



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb. 

FHN-dən verilən xəbərə görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

- elektrik təchizatı və elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ildırımın təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatların yerlə birləşdirilməsi təmin olunmayıb;

- sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə cavab vermir;

- partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmayıb;

- yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında təhlükəsizlik lövhəcikləri yerləşdirilməyib;

- obyektin istismar edilməsi Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin sahibi Abdıyev Şahmurad Abbas oğluna təqdim edilib.

Şəffaflıq.az


Geri qayıt