Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ institutu: “Vladimir Putin Kiyevi tutanadək sakitləşməyəcək”

ABŞ institutu: “Vladimir Putin Kiyevi tutanadək sakitləşməyəcək”


18-11-2022, 10:09


“Danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər. Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, Krımın işğal olunmasından 8 il keçəndən sonra Ukraynaya yenidən hücum V.Putinin ambisiyasını göstərir: “Görünür, o, Kiyevi fəth edənədək sakitləşməyəcək. Ukraynanın bu il işğala müqavimət göstərməsi göstərir ki, ukraynalılar asanlıqla təslim olmayacaqlar. Putin hakimiyyəti Kremli idarə etdiyi müddətcə münaqişə həll olunmayacaq. Danışıqlar bu reallığı dəyişməyəcək".

İnstitut xatırladıb ki, 2014-2022-ci illər arasında “atəşkəs” müddətində Rusiya qüvvələri daim Ukraynanın mövqelərini atəşə tutub. Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri indi də Donetsk vilayətində yenidən hücuma keçməyə meyllidirlər.

Bildirilib ki, Rusiya hələ də Avropanın ən böyük və Ukraynanın əsas enerji mənbəyi olan Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət edir.

Müharibə Araşdırmaları İnstitutunun ekspertlərinin qənaətinə görə, Kreml rəhbəri mümkün qədər çalışır ki, Ukrayna milli kimliyini məhv etsin.

Onların fikrincə, V.Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək: “Nə Ukrayna, nə də Qərb Putinin ambisiyalarını dəyişdirə bilər. Ona görə də Kremlin rəhbərini başa salmaq lazımdır ki, o, istəklərinə nail olmaq iqtidarında deyil. Bunun üçün Qərb Ukraynaya onun təhlükəsizliyi və iqtisadi rifahı üçün strateji əhəmiyyət kəsb edən əraziləri azad etməsinə kömək etməli, sonra isə Ukrayna ordusunu və iqtisadiyyatını Rusiyanın gələcək işğallarının qarşısını alacaq səviyyəyə çatdırmalıdır. Hazırkı "qaynar müharibə" "soyuq müharibə"yə çevrilərsə Qərb və Ukrayna uğur qazanar”.


Geri qayıt