Əsas Səhifə > Hadisə > Gömrükdə 300 min manat dəyərində spirtli içki və tütün məmulatları müsadirə edildi - FOTO

Gömrükdə 300 min manat dəyərində spirtli içki və tütün məmulatları müsadirə edildi - FOTO


19-09-2019, 11:48

 

Azərbaycan gömrükçüləri 300 min manat dəyərində aksiz markasız spirtli içki və tütün məmulatının realizə edilməsinin qarşısını alıblar.

Şəffaflıq.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində əməliyyat-axtarış tədbirləri keçirilib.

Bu zaman ərazidə yerləşən evin qarşısındakı “Ford Tourneo Connect” markalı avtomobildən müxtəlif növ spirtli içkilərin həmin evin həyətinə daşınması müşahidə edilib.

Avtomobilin sürücüsü Xankişiyev Zaur Vəzirağa oğlu və Ənvərli Elgün Tahir oğlu alkoqollu içkiləri evin həyətinə yığarkən saxlanılıblar.

Avtomobildə isə aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb.

Evin həyətindəki ikiotaqlı tikilinin saxlanc otağında, tikilidəki məişət əşyalarının içərisindən və torpaq sahəsində basdırılmış şəkildə aksiz markasız müxtəlif adda və həcmdə 1286 ədəd alkoqollu içki, evin damında isə aksiz markasız müxtəlif adda 20 600 ədəd siqaret aşkar olunub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Tamrazov Cəbrayıl Hüseyn oğlu ifşa edilərək təhqiqata cəlb olunub.

Aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri qayıt