Əsas Səhifə > XARİCİ XƏBƏR > Dünyasını dəyişən siyasətçilər ABŞ Konqresinə üzv seçildilər

Dünyasını dəyişən siyasətçilər ABŞ Konqresinə üzv seçildilər


10-11-2022, 23:57



ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkiyə qədər dünyasını dəyişən iki demokrat yenidən konqresə seçilib.

Bunlar Pensilvaniya ştatından Entoni Deluka və Tennessi ştatından Barbara Kuperdir.

Pensilvaniya ştatından 85% səslə Entoni Deluka seçilib, lakin bu keçmiş konqresmen oktyabrın 9-da 85 yaşında dünyasını dəyişib. Bununla bağlı tezliklə ştatda növbədənkənar seçkilərin keçiriləcəyi bildirilir.

Bəzi seçicilərin, həqiqətən, Delukanın ölümündən xəbərsiz ola biləcəyi qeyd edilir, lakin digərlərinin növbədənkənar seçki ideyasına üstünlük verdikləri ehtimal olunur.

“Biz fəxr edirik ki, seçicilər ona (Entoni Deluka - red.) və onun demokratik dəyərlərə sadiqliyinə etimadlarını nümayiş etdirməkdə davam edirlər. Bu səbəbdən də onu ölümündən sonra yenidən seçiblər”, - deyə Nümayəndələr Palatasının demokratları bildiriblər.

Eyni zamanda Tennessi ştatında keçirilən seçkidə Barbara Kuper qalib gəlib ki, o, oktyabrın 25-də 93 yaşında dünyasını dəyişib. Dairə Seçki Komissiyası bununla bağlı verdiyi açıqlamada izahat verib ki, Kuperin adı onun gözlənilməz ölümündən sonra da “ştat qanunlarına uyğun olaraq” səsvermə bülletenində qalıb. Ştatda onun yerini doldurmaq üçün növbədənkənar seçki keçirəcək.

Xatırladaq ki, noyabrın 9-da axşam saatlarına olan məlumata görə, Nümayəndələr Palatasına 187 demokrat və 203 respublikaçı seçilib. Eyni zamanda Senatda vəziyyətdə tam bərabərlik olub -  hər partiyadan 48 nəfər seçilib. Səslərin hesablanması hələ də davam edir.

Şəffaflıq.az


Geri qayıt