Əsas Səhifə > Mədəniyyət > UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək
UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək31-10-2022, 13:16 |
Noyabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahının konsert zalında azərbaycanlı bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı baş tutacaqdır. Bu barədə Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, gecənin təşkilatçılığı Mədəniyyət Nazirliyi və UNESCO-dur. Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Qeyd edək ki, 2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir. Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib. Geri qayıt |