Əsas Səhifə > Dünya > Türk dövrü abidələrinin elektron kataloqu və ümumi xəritəsi hazırlanacaq
Türk dövrü abidələrinin elektron kataloqu və ümumi xəritəsi hazırlanacaq27-10-2022, 19:09 |
“Böyük Altayın türk dünyası” beynəlxalq layihəsində çalışan alimlər Altay ərazisində yerləşən ən mühüm türk abidələrinin xəritəsini hazırlayacaqlar. Mütəxəssislərin fikrincə, bu, türk xalqlarının tarixi məskunlaşma arealını tanımağa və abidələrin real vəziyyətini öyrənməyə imkan verəcək. Səmərqənd Arxeologiya İnstitutunun baş elmi işçisi Aysulu İsgəndərova bildirib ki, əldə olunan məlumatlar əsasında alimlər türk dövrünün abidələrinin elektron kataloqunu və xəritəsini tərtib edirlər. “Gələcəkdə biz Altaydan kənarda yerləşən türk dövrü abidələrini də elektron kataloqa və xəritəyə əlavə edəcəyik. Özbəkistanın sakinləri və bütövlükdə Orta Asiya xalqları üçün türk xalqlarının məskunlaşma xəritəsinin yaradılması və türk xalqlarının etnik köklərinin müəyyən edilməsi prioritet vəzifələrdən biri olmalıdır. Aparıcı türkoloqlar Altay, Orta Asiya, Şimal-Qərbi Sibir, Baykal bölgəsi, Ural-Volqa bölgəsi kimi ondan çox bölgənin türklərin ata-baba yurdu olduğuna dair iddialar irəli sürüblər. Türk dünyasının ilkin məskunlaşma yeri ilə bağlı yekun rəy hələ də mövcud deyil. Hesab edirəm ki, kataloq və xəritə türk dünyasının bütün abidələri üçün bir növ ilkin məlumat bazası olacaq, təkcə Altayın deyil, bütün Orta Asiyanın tarixi-mədəni irs obyektlərinin tədqiqinin davamı olacaq”, - deyə Səmərqənd Arxeologiya İnstitutunun elmi işçisi vurğulayıb. A.İsgəndərova bildirib ki, ətraf mühitdə baş verən dəyişikliklər və intensiv iqtisadi fəaliyyətlə əlaqədar bir çox daşınmaz tarixi mədəniyyət abidələri dağılır və tədricən yox olur. “Türk xalqlarının maddi və mədəni irs nümunələrinin öyrənilməsi adət-ənənələrin daha yaxşı qorunub-saxlanmasına kömək edəcək, mədəni irsin qorunub-saxlanması sahəsində təcrübə qazanmağa imkan verəcək”, - deyə elmi işçi vurğulayıb. Şəffaflıq.az Geri qayıt |