Əsas Səhifə > XARİCİ XƏBƏR > Myanmanın keçmiş liderinin həbs cəzası daha da artırılıb

Myanmanın keçmiş liderinin həbs cəzası daha da artırılıb


12-10-2022, 16:22


Myanmanın keçmiş lideri, Nobel sülh mükafatı laureatı Aun San Su Çji korrupsiyada ittiham olunaraq daha 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, o, əvvəllər bir neçə cinayətdə təqsirli bilinərək 26 il həbs cəzası almışdı.

Qeyd edək ki, 77 yaşlı Aun San Su Çji 2021-ci ilin fevralında Myanmada hərbi çevrilişin ilk günündə nəzarət altına alınmışdı. Bildirilib ki, o, hazırda Myanmanın paytaxtı Neypido şəhərində təkadamlıq kamerada saxlanılır.

Hərbi rejim onu 18 cinayətdə, o cümlədən rüşvətxorluq, seçkilərin keçirilməsi qaydalarını pozmaqda, qanunsuz simsiz rabitə vasitəsi əldə etməkdə və pandemiya zamanı məhdudiyyətləri pozmaqa ittiham edir. Ümumilikdə irəli sürülən ittihamlara əsasən, Nobel mükafatı laureatı təxminən 190 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Aun San Su Çji Demokratiya uğrunda Milli Liqanın lideridir. O, 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülüb. O, 2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna uyğun) vəzifəsini tutub.

Xatırladaq ki, 2021-ci il fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Şəffaflıq.az


Geri qayıt