Əsas Səhifə > REGİON / MANŞET > Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir keçiriləcək.

Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir keçiriləcək.


7-10-2022, 16:26


Oktyabrın 14-də Azərbaycan Mərkəzi Bankı, “Bakı Fond Birjası” QSC (BFB), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Şamaxı şəhərində “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir keçiriləcək.

Şəffaflıq.az BFB-yə istinadən xəbər verir ki, tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təşkil olunacaq.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri mütəşəkkil kapital bazarının imkanları və BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılacaq. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar olacaq.

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndiriləcək.

Bu, sayca VI belə tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax və Qəbələ şəhərlərində təşkil olunub. Məqsəd regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.


Geri qayıt