Əsas Səhifə > Hadisə / ELM VƏ TƏHSİL > SOVET İŞĞALINA QARŞI GƏNCƏDƏ BAŞ VERƏN MÜQAVİMƏT HƏRƏKATI
SOVET İŞĞALINA QARŞI GƏNCƏDƏ BAŞ VERƏN MÜQAVİMƏT HƏRƏKATI24-09-2022, 17:43 |
Azərbaycanşhər zaman özünün yeraltı və yerüstü sərvətləri, əlverişli iqlimi, münbit torpağı, mühüm ticarət yolu olan Böyük İpək Yolunun buradan keçməsi kimi bir çox üstünlükləri ilə seçilmişdir. Məhz bu xüsusiyyətlərə görə yurdumuz tarix boyu güclü imperiyaların işğal hədəfinə çevirmişdir. Buna baxmayaraq, xalqımızın hər zaman birlik və bərabərliyi sayəsində yadelli işğallara baş əyməmiş, böyük imperiyaları süquta uğratmışdır. Bir zamanların ən güclü imperiyası olan SSRİ-yə qarşı da üsyan qaldıran xalqımızın minlərlə igid oğul və qızları azadlığa gedən yolda canından, qanından keçmişdir. 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bütün müsəlman Şərqində və türk xalqları arasında ilk parlamentli respublika idi. 1920-ci il aprelin 28-də ölkəmiz rus-bolşevik qoşunları tərəfindən işğal edildi. Lakin, Azərbaycan Xalq Cümhuriyyəti süqutundan sonra yaranan Sovet hakimiyyəti Gəncədə qəbul olunmadı. Ağır zərbədən sarsılan istiqlal mücahidləri cümhuriyyətin ilkin paytaxtı olan Gəncəyə gəldilər. 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə hər yana səs salan məşhur Gəncə üsyanı başlandı. Gəncə üsyanının təşkilatçısı və istiqamətverici qüvvəsi yenicə formalaşan AXC-nin Milli Ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının keçirdiyi geniş müşavirədə iştirak edən milli ordumuzun zabitlərindən general Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və başqaları var idi. [1]. Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər. Üsyana qısa müddətdə ətraf kəndlərdəndə insanlar qoşuldu. Beləliklə, onların sayı 10 min nəfəri keçmişdir. 1920-ci il may ayının 28-də Gəncə üsyanına rəhbərlik edən keçmiş Milli Ordunun zabitləri və şəhər sakinləri dairə məhkəməsinin binasına yığışdılar və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin iki illiyini qeyd etdilər [8]. Həmin gün qiyama qalxan xalq üsyançılar belə bir şüar irəli sürdülər: “Bu gün təkcə müstəqilliyin ildönümü deyil, həm də Vətənimiz uğrunda şəhid olanların xatirəsi günü olacaq, 28 Mayda düşmənə verdiyimiz cavab əbədi olaraq dövlətimizin müstəqilliyinin təzahürü olaraq qalacaqdır. Bu, bizim mətanətimiz və mənəvi qələbəmizdir”. 1920-ci il mayın 28-i “millətin şərəf və ləyaqətinin yenidən hamılıqla tanındığı” gün idi. Gəncədə baş verən üsyan qığılcımlarından xəbər tutan hökumət XI Qızıl ordunun XX atıcı diviziyasının qüvvələrini şəhər daxilində və ətrafında həmçinin, diviziyanın 178 və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan yerlərində, 3-cü briqadasının hissələri isə azərbaycanlıların yaşadığı məhəllələrdə, Zurnabad kəndi ətrafına isə 40-cı süvari briqadası yerləşdirildi. Taman süvari briqadasının 2-ci alayı da may ayının 25-də Gəncə şəhərinə gətirildi. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu komandanlığı Gəncəyə əlavə qüvvələr gətirdi. Mayın 30-da Gəncə şəhərinin şimalında yerləşdirilən XI qızıl ordu qüvvələri mayın 31-də əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Silahlanmış nizami ordu qarşısında tab gətirməyən üsyançılar, habelə dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnirdilər. Bir neçə gün davam edən üsyanda itki düşmən tərəfdən 8,5 min nəfər, üsyançılar tərəfindən isə 12 min nəfərə çatırdı. 1920-ci il Gəncə üsyanının yatırılmasından sonra onun rəhbər və iştirakçılarından Qaçaq Qəmbər, xalqımızın böyük ədəbiyyatşünası Firudin bəy Köçərli, hüquqşünas İsmayıl xan Ziyadxanov, müəllim Mirzə Abbaszadə, Mühəndis Abuzər Rzayev və digərləri baş verən üsyanın qurbanlarından idi. 12-si general, 27-si polkovnik və podpolkovnik, 46-sı kapitan olmaqla Azərbaycan ordusunun 500-ə yaxın hərbi qulluqçusu sovet hakimiyyəti tərəfindən güllələnərək qətlə yetrilidi. Bundan əlavə, Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli və 79 nəfər yüksək rütbəli zabitin heç bir dəlilsiz, məhkəməsiz Nargin adasında həyatına son verildi. Mərkəzi Dövlət Arxivinin 267-ci fondunda saxlanılan materiallardan bəlli olur ki,ermənilər bolşeviklərin yolunu həsrətlə gözləyirdilər. Gəncə ətrafındakı Zəylik kəndindən 140, Çardaqlıdan 150, Badakənddən 40 erməni daşnakı bolşevik qüvvələrinə qoşulub. Onların qəddarlığı üsyan yatırıldıqdan sonra daha da güclənib. Bu nankorlar saysız-hesabsız günahsız insanın sorğu-sualsız Quru Qobuda, Üçtəpə ətrafında qətlə yetirilməsində fəal iştirak ediblər. Gəncədə qalxmış üsyan dalğası sürətlə yaxınlıqdakı rayonlara da təsir edərək bütün ölkəni bürümüşdü. Bu çıxışların sovet hakimiyyəti üçün nə ilə nəticələnə biləcəyini anlayan XI ordu qərargahı Gəncə üsyanı baş verən günü bütün hərbi hissə komandirlərinə aşağıdakı məzmunda direktivlər göndərmişdi: “Bakı, 26 may, 60 №-li xüsusi məxfi-operativ direktiv. Yelizavetpolda üsyan qalxıb. Bir qədər əvvəl belə bir üsyan Tərtərdə yatırılıb. Bakıda sanki nə ilə hazırlanır... Ümumi üsyan gözlənilir... Biz bu mübarizəyə hazır olmalıyıq. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası ərazisi hərbi rayonlara bölünür, üsyanların qəddarlıqla yatırılması həmin rayonların məsul rəislərinə tapşırılır... Üsyanı yatırarkən rayon rəisləri ləğvetmə əmrini gözləməməlidirlər, çünki, rabitə hər an pozula bilər. Müstəqil hərəkət edilməli, üsyanları məhv etmək üçün tam təşəbbüs göstərilməli, bütün şübhəli ünsürlər məhkəməsiz güllələnməlidir. Üsyanın qarşısını almaq üçün əhalinin ən görkəmli və nüfuzlu təbəqələri arasından gələcəkdə güllələnmək üçün 4 nəfər girov götürülməlidir. Kiçik qığılcımlar sərtlik və amansızlıqla yatırılmalı, əgər üsyanların inkişafı milli və dini münaşiqə zəminində kütləvi fövqaladə hal xarakteri alarsa, o zaman hamımız Bakıya üz tutmalı və şəhəri bütün ziyanlı ünsürlərdən təmizləməliyik. Daha sonra respublikanın digər ərazilərində üsyanlar amasızcasına yatırılmalıdır”. Gəncə usyanı ilə bağlı şahid ifadələrində qeyd edilir ki, Gəncə üsyançılarına uzaq kəndlərdən də qoşulanlar çox idi. Onların arasında Şəmkir bölgəsinin Morul kəndindən gəlmiş Sarı bəyin dəstəsi özü ilə iri atıcı döyüş maşını, sursat-silah da gətirmişdi. Həmin günlərdə "Qırmızı Dağıstanlı", "Qırmızı Həştərxan", "III internasional", "Qrom", "Karl Marks", "Şaumyan-Çaparidze" zirehli qatarları da Gəncə stansiyasına gəldi. Bu zirehli qatarlardan və toplardan şəhər müntəzəm olaraq atəşə tutulurdu. Gəncədə 1920-ci ildə sovet hakimiyyətinə qarşı baş tutmuş üsyan xalqımızın azadlığına qovuşması yolunda baş vermiş mühüm xalq müqavimət hərəkatlarndandır. Sovet hakimiyyəti illərində üsyanın səbəbləri pərdələnmiş, üsyançılara vətən xaini, quldur damğaları vurularaq xalqın azadlıq səsini boğmağa çalışmışlar. Lakin üsyanın baş vermə səbəbləri ilə bağlı mühüm səbəblər o dövrdə sovet hökuməti içərisində gizli kəşfiyyat aparan fransız kəşfiyyatçıları tərəfindən qeyd edilərək sənədləşdirilmişdir və bu sənədlər Fransanın arxivində “Les archives diplomatiques du Ministère des Affaires étrangères de la République Française” adlı sənədlər toplusunda saxlanılmaqdadır. Bu sənədlərə və tarixçilərin araşdırmalarına görə, 1920-22-ci iilərdə baş verən üsyanların başlıca səbəbi Azərbaycan xalqının yadelli əsarəti ilə barışmaması olmuşdur. Fransanın regiondakı kəşfiyyatçıları tərəfindən hazırlanan sənədlərdə qeyd olunan məlumata görə sovet hakimiyyətinə qarşı baş vermiş bu mühüm üsyançı hərəkata AXC-nin keçmiş baş naziri Fətəli xan Xoyski, Milli Ordunun zabitləri və Müsavat partiyasının başçıları rəhbərlik edirdi. Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə” Ensiklopediyasında M.Ə. Rəsulzadə Gəncə Üsyanı və onun səbəbləri haqqında belə yazırdı :"İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi....sərvət vəb samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fənasurətdə təhqirə məruz qaldığını bduyunca, bittəbbXalq təhəmmül bedəmədi.Üsyan etdi.Bu üsyan ibtida Gəncədə başladı.Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xan şəhəri bu dəfə də kəndisini göstərdi! Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü!" Üsyan yatırıldıqdan sonra Tiflisə gedən Fətəli Xan Xoyski Gəncə üsyanınn səbəbləri haqqında yazdığı yazıda qeyd edir: “Bolşevik ordusu Azərbaycana daxil olduqdan sonra 6 gün ərzində ölkədə vəziyyət stabil olmuşdur. Lakin sonrada bolşevik hakimiyyəti bərqərar olunmağa, ordunun üzvləri buraxılmağa və ya XI Qızıl Orduya daxil edilməyə, ruslaşdırma siyasəti yeridilməyə başlandı. Bütün dövlət qurumlarında və idarələrində Azərbaycan dili rus dili ilə əvəz olundu. Azərbaycanlı məmurlar işdən çıxarılaraq rus məmurlar vəzifəyə gətirildi. Sovet işğalına qədər bolluq olan ölkədə işğaldan sonra məhsullar Rusiyaya çıxarıldı və ölkədə xroniki çörək çatışmazlığı başlandı.” Gəncə Üsyanın birbaşa rəhbərlərindən biri olmuş polkovnik Cahangir bəy Kazımbəyli Üsyan öncəsi yaranmış durumdan və insanların keçirdiyi hisslər haqda belə yazırdı: “İndi içində olduğumuz dəhşətə inanmaq istəmirdim.Doğrudanmı bizlər – azərbaycanlılar belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaqdıq?..Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?..Hanı bizim mənliyimiz?..Hanı bizim şərəfimiz?..Adamın içini oyub ağrıdan bu sualları hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin üzündən oxumaq olardı.” Dövlət arxivində Gəncə üsyanın başvermə səbəbləri, müqavimət hərəkatında iştirak etmiş insanların sonrakı taleləri barədəvə o dövrün əsl mənzərəsini əks etdirən bolşevik rejiminin iç üzünü açmaqda xüsusi əhəmiyyətə malik böyük maraq doğuran sənədlər var. Bundan əlavə, Gəncə üsyanını görünməmiş qəddarlıqla yatıran XI qızıl ordu birləşmələrinin Azərbaycan xalqı üzərində öz “qələbələrini” hərəkatı boğduqdan dərhal sonra Bakıda hərbi paradın keçirdikləri də qeyd edilmişdir. "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli Gəncə Üsyanını belə qiymətləndirirdı:“Gəncə üsyanı- millətimizin şərəf və namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır!Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!” Beləliklə, hər nə qədər yatırılsa da, Gəncə üsyanı müstəqil dövlət olmaq yolunda sonralar baş verən üsyanlar, qaçaq hərəkatları, azadlıq hərəkatları üçün başlanğıc olmuş, xalqın azadlıq atəşinin ilk qığılcımları olmuşdur. Müəllif: Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ninElmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı. Aysu Müqabil qızı Bülbülzadə. Şəffaflıq.az Geri qayıt |