Əsas Səhifə > Gündəm > Azərbaycanda mobil internetin sürəti azalıb
Azərbaycanda mobil internetin sürəti azalıb17-09-2022, 22:50 |
Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,9 Mbit/s təşkil edir. Şəffaflıq.az “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında xəbər verir ki, bu göstərici iyul ayı ilə müqayisədə 1% azalıb. Cari ilin avqustunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 3,1% azalaraq 8,92 Mbit/s olub. Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,79 Mbit/s və 8,62 Mbit/s təşkil edib. Avqust ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında bir pillə geriləyərək 61-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (122,77 Mbit/s), BƏƏ (118,42 Mbit/s) və Qətər (114,28 Mbit/s) daxil olub. Reytinqə əsasən, bu ilin avqust ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,15 Mbit/s, çıxış sürəti isə 22,89 Mbit/s təşkil edib. İyul ayı ilə müqayisədə giriş sürəti 6,3%, çıxış sürəti isə 3,6% artıb. Bu ilin avqust ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə bir pillə geriləyərək 122-ci yerdə qərarlaşıb. Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur– 219,01 Mbit/s, Çili– 211,43 Mbit/s və Tayland – 188,75 Mbit/s olub. Bu ilin avqustunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 69,14 Mbit/s və 29,09 Mbit/s təşkil edib. Geri qayıt |