Əsas Səhifə > SON XƏBƏR > Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kibermüdaxilələr olub

Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kibermüdaxilələr olub


15-09-2022, 23:39



Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.

Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınmışdır.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə irihəcmli kiberhücumun olduğu aşkar edilmişdir.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmışdır.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək.

Şəffaflıq.az


Geri qayıt