Əsas Səhifə > SİYASƏT > Azərbaycan Fransaya nota verdi
Azərbaycan Fransaya nota verdi12-09-2019, 19:34 |
"Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik". Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin fransız deputatların Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı yaydığı bəyanatda qeyd olunub. Sənəddə bildirilib ki, yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qayıtmalarının qarşısını almaq üçün əlindən gələni edən Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa Parlamenti üzvlərinin rəhbər tutmalı olduqları "azadlıq, bərabərlik, qardaşlıq" yüksək ideallara və fundamental insan hüquqlarına tamamilə ziddir. "Bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının - millət vəkilləri Valeri Buaye (Valérie Boyer), Jan-Pyer Cübertafon (Jean-Pierre Cubertafon), Məhəmməd Laqhila (Mohamad Laqhila), Daniel Kazaryan (Danièle Cazarian), Giyom Kasparyan (Guillaume Casbarian) və senator Pyer Uzuliasın (Pierre Ouzoulias) da adları müvafiq olaraq həmin siyahıya salınacaq. Bununla əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir", - bəyanatda vurğulanıb. Sənəddə Fransa hökuməti bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-kvonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq nizamlamada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırılıb. Geri qayıt |