Əsas Səhifə > Mədəniyyət > Azərbaycan Mədəniyyət Nazirliyi Xəzəryanı bölgədə kinobazarın yaradılmasını təklif edir
Azərbaycan Mədəniyyət Nazirliyi Xəzəryanı bölgədə kinobazarın yaradılmasını təklif edir12-09-2022, 10:26 |
Azərbaycan Mədəniyyət Nazirliyi Xəzəryanı bölgədə kinobazarın yaradılmasını təklif edir. "Report"un Həştərxana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə orada keçirilən Xəzəryanı ölkələrin media forumu çərçivəsində baş tutmuş “Rəqəmsal media mühitinin gerçəkliyində Xəzər regionunun gənc kinematoqrafçılarının əməkdaşlığı” adlı müzakirə panelində Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin baş məsləhətçisi Nigar Məmmədova çıxış edib. "Bu gün bizim region üçün vacib məqamlardan biri kinobazarlarının yaradılmasıdır. Belə bazarlarda hər ölkə kinoprokat baxımından işlərlə tanış ola, daxili auditoriyası üçün lazım olan filmləri seçə bilər. Təəssüf ki, hazırda belə bir bazar yoxdur", - nazirlik nümayəndəsi bildirib. O, bu ilin aprel ayında Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Kino Agentliyi haqqında da tədbir iştirakçılarına məlumat verib: "Hazırda yeni yaradılmış qurumda son tamamlanma işləri davam edir. Güman edirik ki, ilin sonuna qədər bütün bu işlər yekunlaşacaq. Kino Agentliyi qarşısında qoyulmuş birinci tələb Azərbaycandakı mövcud kino sahəsini kinosənayeyə çevirməkdir. Digər önəmli tələb isə kinonu mədəniyyətin strateji istiqamətində və iqtisadiyyatın perspektivli sahəsi kimi inkişaf etdirməkdir". N.Məmmədova çıxışında MDB ölkələri səviyyəsində əməkdaşlıqdan da bəhs edib: "Bizim Özbəkistanla birgə layihəmiz var. Bir neçə gün sonra Daşkənd Beynəlxalq Kino Festivalında çəkilmiş ortaq filmin təqdimatı olacaq. Bundan başqa, Azərbaycanda Mədəniyyət Nazirliyi tərkibində kinokomissiya adlanan yeni struktur yaranıb. Bu platforma xarici kinorejissorlara Azərbaycanın çəkilişlər üçün cəlbediciliyini nümayiş etdirməyə imkan verəcək. Hindistanlı və türkiyəli həmkarlarımızdan bu mənada böyük maraq hiss edirik. Hazırda çexiyalı həmkarlarımız ölkəmizdə çəkilişlər edirlər". Geri qayıt |